“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Soydaş” milli virtual platformasının təqdimat mərasimi keçirilib.
Diasporpress.az xəbər verir ki, mərasimdə Dünya Azərbaycanlılarının V qurultayı çərçivəsində Vətəndə olan bəzi diaspor nümayəndələri, Milli Məclisin deputatları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili əvvəlcə qonaqları salamlayıb və dəvəti qəbul edib tədbirdə iştirak edən hər bir şəxsə öz təşəkkürünü bildirib.
O, çıxışının əvvəlində göstərdikləri dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, agentliyin müşahidə şurasına və rəhbərliyinə təşəkkürünü bildirib.
O, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayından danışıb. T.Allahverdili Zəfər qurultayının Şuşada keçirilməsinin rəmzi məna daşıdığını və bunun çox əhəmiyyətli bir tədbir olduğunu bildirib. Onun sözlərinə görə, qurultayda Cənab Prezident tərəfindən mühüm mesajlar verilib, həmçinin Azərbaycan diasporunun bundan sonrakı fəaliyyəti sahəsində mühüm qərarlar qəbul edilib.
O, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi fikirlərdən, mesajlardan söz açıb. Cənab Prezidentin Dünya Azərbaycanlılarının qarşısına qoyduğu yeni məqsədlərdən bəhs edib.
T.Allahverdili vurğulayıb ki, dünya azərbaycanlıları torpaqlarımızın işğaldan azad olunmasından sonra ilk dəfə olaraq Şuşada toplanıblar.
Daha sonra layihə haqqında məlumat verən T.Allahverdili deyib ki, platformanın virtual olması Vətəndən uzaqda olan soydaşlarımızı tanıtmaqdan, onların fəaliyyətini daha əlçatan etməkdən ibarətdir. O xatırladıb ki, Vətən müharibəsi zamanı ölkəmizi xaricdə layiqincə təmsil edən, hətta ermənilərin hücumuna məruz qalan soydaşlarımız da olub.
Onun sözlərinə görə, məhz bu layihə çərçivəsində xaricdə yaşayan, işləyən, diaspor fəaliyyətində yaxından iştirak edən soydaşlarımızdan, həmçinin Azərbaycanda yaşayıb xaricdə Azərbaycanı təmsil edən şəxslərdən videoreportajlar və müsahibələr hazırlanacaq.
Bu reportajlar və müsahibələr geniş izləyici kütləsi olan sosial şəbəkələr və media resurslarında ictimaiyyətə təqdim olunacaq.
T.Allahverdilinin sözlərinə görə, videoreportajlarda və müsahibələrdə əsas xətt dövlətimizin milli maraqlarıdır.
T.Allahverdili çıxışının sonunda soydaşlarımızın bir araya gəlməsində yaratdığı şəraitə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.
Daha sonra çıxış üçün qonaqlara söz verilib. Çıxışçılar “Soydaş” milli virtual platformasının ölkədən uzaqda yaşayan və azərbaycançılıq ideologiyasına xidmət edən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərən hər bir həmvətənimizin tanıdılmasında böyük rolu olacağını bildiriblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndirib. O, belə bir platformanın fəaliyyətə başlamasına həqiqətən də ehtiyac olduğunu bildirib və layihənin fəaliyyətində uğurlar arzulayıb. Deputat qeyd edib ki, qəlbi Vətən həsrəti ilə döyünən, ölkəmizi layiqincə təmsil edən soydaşlarımızı hər birimiz tanımalı və tanıtmalıyıq.
Deputat Aydın Hüseynov çıxışında deyib ki, platformanın yaradılması çox dəyərli təşəbbüsdür. O, təşəbbüskarlara öz dərin təşəkkürünü bildirib. Deputat əminliklə qeyd edib ki, platformanın hər bir azərbaycanlının tanıdılmasında böyük rolu olacaq və layihə çərçivəsində dövlətimiz, Vətənimiz və ümumilikdə xalqımız üçün yeni uğurlara imza atılacaq.
Deputat Ramil Həsən çıxışında diaspor sahəsinə doğma biri olduğunu xatırladıb. O, uzun illər diaspor sahəsində fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, yeni yaradılan platforma həm də dünya azərbaycanlıları arasında böyük maraqla qarşılanacaq. Onun sözlərinə görə, bu gün xarici ölkələrdə fəaliyyət göstərən, ölkəmizi layiqincə təmsil edən xeyli sayda soydaşımız var ki, çoxumuz onları tanımır. Ona görə də düşünürəm ki, bu platforma həmin soydaşlarımızın fəaliyyətlərinin, xidmətlərinin üzə çıxarılmasında böyük rol oynayacaq.
Deputat Naqif Həmzəyev deyib ki, diaspor sahəsində çalışan, fəaliyyət göstərən, ölkəmizi xaricdə layiqincə təmsil edən soydaşlarımızı tanıtmaq hər birimizin işidir. O bildirib ki, hər bir azərbaycanlı dövlətimiz üçün lazım olan bütün zəruri işləri bir olaraq həyata keçirməlidir. Deputat xatırladıb ki, 44 günlük Vətən müharibəsi məhz bizim hamımızın bir yumruq ətrafında necə sıx birləşdiyimizi göstərdi. O qeyd edib ki, Vətən müharibəsi dövründə həmçinin diaspor nümayəndələri də qürbətdə Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar.
Daha sonra Dünya Azərbaycanlılarının V qurultayı çərçivəsində Vətəndə olan diaspor nümayəndələri çıxış ediblər. Onlar həm qurultay haqqında, həm də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfərdən danışıblar və öz təəssüratlarını bölüşüblər.
Diaspor nümayəndələri bütün dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsindən qürur hissi keçirdiklərini bildiriblər.