“Tarixi abidələrin təmirinə ayrılan pulları necə yemək olar?” – Sabir Rüstəmxanlı

“Tarixi abidələrin təmirinə ayrılan pulları necə yemək olar?” – Sabir Rüstəmxanlıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat cəmiyyət tərəfindən müsbət qarşılanıb. 
Nazirliyin yüksək vəzifəli şəxsləri, nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Bu əməliyyat nəticəsində məlum olub ki, nazirliyin yüksək vəzifəli əməkdaşları dövlətdən mədəniyyət sahəsinə ayrılan vəsaiti mənimsəyib.
Millət vəkili, Vətəndaş Həmrəliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı AZXEBER.COM-a açıqlamasında nazirlikdə baş tutan əməliyyat haqqında danışıb: 
“Bu çox böyük bir cinayətdir. Onsuzda tarixi abidələrimiz az qalıb, onların da hansı vəziyyətdə olduğu hər kəsə bəllidir. Mən bütün detalları bilmirəm, ancaq tarixi abidələrə ayrılan pullar mənimsənilibsə, bu böyük cinayətdir. Bu yetimlərin pulunu oğurlamaq, onlara ayrılan sosial yardımı oğurlamaq kimi bir şeydi.
Tarixi abidələr də dədə və babalarımızın bizə əmanət qoyduğu yadigarlardır. Ona və  onun təmirinə ayrılan pulu necə yemək olar? Bu ürək ağrıdan bir haldır.
Onu da deyə bilərəm ki, Mədəniyyət Nazirliyinin  işi diqqətlə gözdən keçirilməlidir. Bu gün rayonlarda kitabxanalarımız  yarı-yarıya ixtisara düşüb, mədəniyyət evləri təmir olmadığı üçün pis gündədir.
Belə bir təsəvvür var ki, bu millətə mədəniyyət lazım deyil. Çünki mədəniyyətə belə bir soyuq və laqeyd münasibət bəslənilir.
Böyük mədəniyyət tədbirləri ancaq Bakıda keçirilir. Yeni çapdan çıxan kitablar rayon kitabxanalarına göndərilmir. Əminəm ki, nazirliyin bir sıra işçi və şöbələri ciddi cəzalarını alacaqlar”.
Partiya sədri deyib ki, Azərbaycan mədəniyyətin ən böyük dəstəkçisi birinci vitse-prezident Mehriban Əliyevadır:
“Mən son illər bu işdə yalnız Mehriban xanım Əliyevanın fəaliyyətini görürəm. Bu  işlə məşğul olan nazirlik və idarələrin fəaliyyəti o qədər də görünmür. Bunun da məntiqi nəticəsi bu günlərdə həyata keçirilən əməliyyatdır”.
DiasporPress.az