“Ermənistandakı növbəti hakimiyyət dəyişikliyindən öz xeyrimizə istifadə etməliyik”

“Ermənistandakı növbəti hakimiyyət dəyişikliyindən öz xeyrimizə istifadə etməliyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabir Rüstəmxanlı: “Düşmən ölkədəki siyasi böhranı özümüzün milli uğurumuza yönəltməliyik”
“Bizim insanımız öz vəkilindən çox şey istəmir ki..”

Millət vəkili Sabir Rüstəmxanlı ölkə gündəmi ilə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.

-Sabir bəy, 9 fevral növbədənkanar seçkilərlə formalaşan parlamentin fəaliyyətə başlamasından 100 gün ötür. Bu yüz günə nəzər yetirdikdə deputatların fəallaşdığını, seçicilərlə daha çox ünsiyyətdə olmaları kimi keyfiyyət dəyişikliyinin şahidi oluruq.

-Düzü buna xüsusi diqqət yetirməmişəm. Çünki əvvəlki dönəmlərdə də mənim seçicilərmlə sıx təmaslarım olub. Azından ata yurdum kimi Yardımlıya gedəndə insanları dinləmişəm, onlarla görüşmüşəm. Bu rayondan seçildiyim vaxtlarda mənim köməyim və təşəbbüsümlə görülən işləri indi də insanlar xatırlayır. Neftçlada da yad rayon deyil. Azərbaycanın heç bir bölgəsi yad deyil. Seçkidən sonra məhdudiyyətlərə baxmayaraq bir neçə dəgə rayona getmişəm, görüşlər keçirmişik, insanların problemləri ilə maraqlanmışam. Eyni zamanda rayonda deputat kimi ofisimiz fəaliyyət göstərir və deputat köməkçisi daimi olaraq adaml arasındadır. Həm həmin ofis vasitəsilə, həm də Milli Məclisin poçtu ilə seçicilərdən xeyli məktublar alıram, bu məktublarda göstərilən problemlərin həlli üçün çalışırıq. Əslində millət vəkili səlahiyyətcə hansısa problemi həllini birbaşa icra etmək imkanında deyil, bu problemi qaldırıb müvafiq qurumları hərəkətə gətirməlidir. Bizim insanımız da öz vəkilindən çox çey istəmir ki, onu dinləmək, yanında olmaq və məclidə millətin sözünü ifadə etmək mümkün olmasın. Bu baxımdan mən millət vəkili olmadığım 80-ci illərdən hansı fəaliyyətdə və əqidədə idimsə bu gün də onu davam etdirirəm.

“Ermənistan bölgədə süni su qıtlığı həyata keçirərək ekoloji terror siyasəti yürüdür”

-Yeri gəlmişkən, sizin bu günlərdə Neftçalada su problemi ilə bağlı qaldırdığınız məsələyə də qısa müddətdə reaksiya verildi və problem həllini tapdı. İcra qurumlarının da fəaliyyətində bu baxımdan yaxşıya doğru dönüş hiss olunur.

-Neftçalada yaranmış vəziyyət çox nadir təbiət hadisələrindən biri idi. Necə deyərlər ənənəvi Kürün Xəzərə tökülməsi prosesinin əksi baş vermişdi və bu bölgədə ciddi su qıtlığı yaranmışdı. Təbii ki, müvafiq dövlət qurumlarının da durumdan xəbəri var idi və millət vəkili kimi, bunu ictimailəşdirmək, diqqəti bu məsələyə yönəltmək seçicılərim qarşısında borcum idi. Həm Prezident Aparatı, həm də rayon icra hakimiyyəti çevik reaksiya ilə problemi aradan qaldırdılar. Amma mən bir məqama toxunmaq istəyirəm. Su ilə insanları sıxmaq soyqırıma bərabər cinayətdir və bu gün insanlığın gələcək su probleminin həlli ilə bağlı ciddi düşünülür. Qeyd etdiyim kimi Neftçalada baş verən hadisə təbii faktorlarla, Kürün suyunun azalması və Xəzərdə səmt küləklərinin güclənməsi ilə bağlı idi. Amma Azərbaycanın böyük bir hissəsində, özü də kənd təsərrüfatı üçün çox yararlı bölgələrində də eyni problem yaşanır. İllərdir işğalçı Ermənistanın Sərsəng su anbarını nəzarətdə saxlaması, Araz çayının işğal altında olan bölgədən keçən hissəsindən bu yana axını azaltması Qarabağ və Qarabağ ətrafı, eyni zamanda Mil – Muğan bölgəsində ciddi su problemi yaradıb. Dövlət müəyyən işlər görərək süni su mənbələri hesabına bu problemi aradan qaldırmağa çalışır. Amma fakt budur ki, Ermənistan bölgədə süni su qıtlığı həyata keçirərək ekoloji terror siyasəti yürüdür. Bu məsələ beynəlxalq müstəviyə qaldırılmalı və işğalçının siması ifşa olunmalıdır.

“Ərazı bütövlüyümüzün real bərpasına doğru qətiyyət göstərməliyik”

-Bu günlərdə Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərinin, o cümlədən Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyi sədrinin Ermənistandan Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan 3-cü yolun çəkilişinə etiraz edərək Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bəyan etməsini fonunda beynəlxalq birliyin də tədricən Azərbaycanın mövqeyini müdafiə etdiyini düşünmək olarmı?

-Bu bəyanatın əhəmiyyəti böyükdür. Bu bəyanat bir daha göstərdi ki, heç bir zorakılıq, işğalçılıq özünə hüquqi don geyindirə bilməz. Dünya işğalçını öz adı ilə tanıyacaq. Ermənistanın işğal siyasəti beynəlxalq təşkilatlar tərəfindən ifşa olunur. Üçüncü magistral yolun çəkilməsi cəhdləri Ermənistanın qeyri-qanuni işğalçılıq siyasətindən əl çəkməməsi, bu yollarla status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaqını davam etdirmək məqsədi daşıyır. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri onun beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə də ziddir.Dünya ictimaiyyətinin daha qətiyyətli addımlar atmasını təmin etmək məqsədilə Azərbaycan dövləti beynəlxalq tribunalardan mümkün qədər istifadə edir. Məhz bunun nəticəsidir ki, indi Ermənistanın işğal siyasətini pisləyən ölkələrin və təşkilatların sayı artmaqda, bu istiqamətdə yeni-yeni sənədlər qəbul edilməkdədir. Ermənistan həm uğursuz xarici siyasəti, həm dövlətinin azad olmaması, həm də haqsız mövqeyinin nəticəsi olaraq büynəlxalq müstəvidə ifşa olunmaqda davam edəcək. Bunun başqa yolu yoxdur. Amma Azərbaycan üçün də illərlə bizim haq səsimizi eşitməyən qurumların indi qəbul etdikləri bəyanatlar tam yetərli deyil. Avropa parlamentində səslənən son bəyanat şübhəsiz Azərbaycan diplomatiyasının uğurudur. Amma həm diplomatiyamızın, həm iqtisadiyyatımızın, həm hərbimizin, bir sözlə xalq olaraq bizim böyük uğurumuz Azərbaycan torpaqlarının azad edilməsi olacaq. Buna görə də bu kimi bəyanatlara önəm verməklə yanaşı ərazı bütövlüyümüzün real bərpasına doğru qətiyyət göstərməliyik. Dünya birliyi bölgədə sabitlik və sülh istəyirsə, işğalçıya lazımı təpkini göstərməlidir. Münaqişənin yeganə həll yolu Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir və bunu hər kəs qəbul etməlidir. Ermənistan hakimiyyəti də artıq geriyə yol olmadığının fərqindədir və buna görə Qarabağa müntəzəm səfərlər edərək burda siyasi şou göstərib öz ölkəsində xal qazanmaq istəyir. Amma təcrübə təsdiqləyib ki, bu uğursuz cəhddir.

Maraqlıdır ki, eyni zamanda Ermənistanda da siyasi gərginlik hökm sürür…

-Əslində bu siyasi gərginlik deyil. Faktiki olaraq Ermənistanda siyasi böhran və iflas yaçanır. Meydanlardan dövlət başına gətirilən Paşinyanın təcrübəsizliyi və siyasi səriştəsizliyi öz məntiqi sonluğuna yaxınlaşmaqdadır. Narazılıq elə bir həddə çatıb ki, hətta koronavirusun qorxusu belə insanları kütləvi etiraz aksiyalarından çəkindirmir və özünü demokrat elan edən Paşinyan etirazçılara, hətta narazı deputatlara belə polis zorakılığı göstərməkdən çəkinmir. Paşinyan yaxşı bilir ki, onun hakimiyyətinin ömrünə çox qalmayıb. Bunu son vaxtlar ölkədə bir-birinin ardınca verilən istefalar da təsdiqləyir. Burda bir məqama xüsusi toxunmaq istərdim. Hər dəfə Qarabağ münaqişəsi ilə bağlı məsələlər son nöqtəyə çatanda, Ermənistan beynəlxalq birlik tərəfindən divara dirənəndə bu ölkədə siyasi böhran yaranır, hakimiyyət dəyişir və beləliklə danışıqlar prosesi yenidən uzadılır. İndi də bu mənfi tendensiya müşahidə olunmaqdadır. Fikrimcə, Azərbaycan bu dəfə proseslərə seyirçi qalmamalıdır. Azərbaycanın həm iqtisadi, həm siyasi gücü, həm də bölgdəki geopolitik mövqeyi imkan verir ki, Ermənistan kimi marianetka bir dövlətdə hakimiyyət dəyişikliyində bizim də sözümüz və mövqeyimiz nəzərə alınsın. Ermənistandakı növbəti hakimiyyət dəyişikliyindən öz xeyrimizə istifadə etməli, düşmən ölkədəki siyasi böhranı özümüzün milli uğurumuza yönəltməliyik.

DiasporPress.az