Əli Həsənov Heydər Əliyevlə birgə Moskvadan Bakıya gəldi – Rza İbadovdan açıqlama

"Əli Həsənov 1990-cı ildən bəri hər zaman Heydər Əliyevin yanında olub"

Əli Həsənov Heydər Əliyevlə birgə Moskvadan Bakıya gəldi – Rza İbadovdan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əli Həsənov 1990-cı ildən bəri hər zaman Heydər Əliyevin yanında olub”

1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, hazırda Londonda yaşayan Rza İbadov Əli Nağıyevin son günlər irəli sürdüyü fərziyyələrə cavab verib. “Səs” qəzetinin əməkdaşına müsahibəsində Rza İbadov o dövrün canlı şahidi və baş verən proseslərin bilavasitə iştirakçısı kimi 1990-cı illərə qısa bir ekskurs edərək, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla birgə Ulu Öndər Heydər Əliyevin yanında yer almalarından, onunla birlikdə Moskvadan Bakıya gəlmələrindən və Əli Həsənovun Yeni Azərbaycan Partiyasının Siyasi Şurasına üzv seçilməsindən danışıb.

Müsahibəni və səs yazısını təqdim edirik:

– Rza müəllim, yəqin ki, son günlər keçmiş nazir Əli Nağıyevin Prezidentin köməkçisi Əli Həsənov barədə səsləndirdiyi iddialar haqqında məlumatlısınız. O, iddia edir ki, Əli Həsənovu məhz o təqdim edib Heydər Əliyevə, bir sözlə Əli Həsənovun YAP Siyasi Şuranın üzvü olması onun adı ilə bağlıdır. Bəhs olunan dövrün canlı şahidi kimi bu haqda nə deyə bilərsiniz?
– Bilirsiniz, indi dünya qlobal kənd adlandırılır, internetə görə dünya bir ovuc olub. Ona görə də ölkədə baş verən hər hansı siyasi, iqtisadi dəyişikliyi, yayımlanan müsahibələri qısa zamanda görə bilirəm. Bəli, mənə göndərdilər Əli Nağıyevin müsahibəsini oxudum. Sizə açıq deyim, 1990-cı il yanvar hadisələrindən sonra mənim Moskvada yaşayan və təqaüddə olan Heydər Əliyevlə münasibətlərim yarandı, hətta onların evinə gedib-gəlməyə başladım. 1990-cı ilin iyun ayının 4-də biz Moskvadan Bakıya gələcəkdik, mən orda bir neçə insana – Moskvada oxuyan tələbələrə, aspirantlara, orda çalışan şəxslərə müraciət etdim ki, bizimlə birgə Bakıya getsinlər. Lakin çox adamlar bunu etmədi. Mən o zaman Moskva Dövlət Universitetinin aspirantı olan Əli Həsənova deyən kimi həmin dəqiqə “mən hazıram” dedi. Biz gəlmək üçün biletlərimizi aldıq. Lakin bilirsiniz ki, ayın 4-də (iyun) Əjdər Xanbabayev qətlə yetirildi və biz gələ bilmədik, yalnız iyul ayının 20-də biz – mən və Əli Həsənov Heydər Əliyevlə birgə Moskvadan Bakıya gəldik. İkinci məsələ isə Əli Həsənovun Yeni Azərbaycan Partiyası Siyasi Şurasına üzv seçilməsi məsələsidir. O zaman Naxşıvanda YAP-ın təsis konfransı keçirilirdi, mən də Naxçıvan Ali Məclisində beynəlxalq əlaqələr şöbəsinin müdiri idim. O zaman Ali Məclisin sədri Heydər Əliyev məni yanına çağıraraq dedi ki, istəyirəm gənclərdən bir nəfər Siyasi Şuranın üzvü olsun. Sən mənim yanımda işləyirsən deyə istəmirəm söz-söhbət olsun. Kimi tanıyırsan, kimi bilirsən? O zaman Əli Həsənov artıq aspirantura təhsilini başa vuraraq Naxçıvana qayıtmışdı və universitetdə işə başlamışdı. Əlbəttə ki, Heydər Əliyevə sədaqəti və partiya quruculuğu işində öz fəalığı ilə seçilən Əli Həsənov bu vəzifəyə ən layiqli namizəd idi. Mən dedim ki, cənab sədr, o vaxt Moskvadan bizimlə birgə gələn Əli Həsənov artıq Moskva Dövlət Universitetində aspirantura təhslini başa vurub və Naxçıvan Dövlət Universitetində işə başlayıb. İcazə verirsinizsə onu cəlb edək. Heydər Əliyev isə “çox ağıllı fikirdir, onu çağır gəlsin yanıma” dedi. Yəni, Əli Həsənovun YAP-ın Siyası Şurasına üzv seçilməsi birbaşa Heydər Əliyevin şəxsi istəyilə olubdur və özü onun namizədliyi üzərində durubdur. (Sia.az)

 

DiasporPress.az