Yaponiyanın Baş Naziri ABŞ-ın yeni Müdafiə naziri ilə görüşüb
07 Avqust, 14:51   |    Baxış sayı: 132

Yaponiyanın Baş Naziri ABŞ-ın yeni Müdafiə naziri ilə görüşüb

Avqustun 7-də Yaponiyanın Baş Naziri Şinzo Abe ABŞ-ın yeni Müdafiə naziri Mark Esper ilə görüşüb.

Diasporpress.az "Kyodo” agentliyinə istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında alyansın möhkəmliyi bir daha təsdiq edilib.

Baş Nazir Şinzo Abenin sözlərini sitat gətirən agentlik yazır: "Yaponiya ilə ABŞ arasında müttəfiqlik münasibətləri heç vaxt indiki qədər möhkəm olmayıb”. Baş Nazir qeyd edib ki, Tokio gələcəkdə də Yaponiya-ABŞ alyansını möhkəmləndirməyə çalışacaq.

M.Esper isə öz növbəsində bildirib ki, ABŞ Şimali Koreyanın nüvə silahının ləğvi istiqamətində fəaliyyətini davam etdirəcək və Yaponiyanın Koreya Xalq Demokratik Respublikasının xüsusi xidmət orqanları tərəfindən oğurlanan yaponların taleyinin aydınlaşdırılması ilə bağlı səylərini dəstəkləyəcək.

Həmin gün M.Esperin Yaponiyanın Müdafiə naziri Takeşi İvaya ilə də görüşü planlaşdırılır.

"Kyodo” agentliyinin məlumatına görə, Pentaqon rəhbəri yaponlardan Hörmüz boğazı ilə bağlı koalisiyaya qoşulmağı xahiş edə bilər. Eyni zamanda, M.Esper Tokionu Yaponiya ilə Cənubi Koreya arasında ticari və siyasi qarşıdurmaya baxmayaraq, Koreya Respublikası ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinin davam etdirilməsi barədə razılaşmanın saxlanmasının zəruriliyinə inandırmağa çalışacaq.

Qeyd edək ki, M.Esper hazırda Avstraliya, Yeni Zelandiya, Monqolustan və Cənubi Koreya da daxil olmaqla Asiya-Sakit okean regionuna səfərdədir. ABŞ-ın yeni Müdafiə naziri avqustun 9-da Seulda Cənubi koreyalı həmkarı Çon Qyon Du ilə görüşməyi planlaşdırır. (azərtac)

Diasporpress.az