28 Fevral, 17:36   |    Baxış sayı: 495

"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib

Holon Texnologiya İnstitutu, "İsraildə Azərbaycan Evi” və Heydər Əliyev Fondu "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalıda soyqırımı aktının 28-ci ildönümü günündə "Azərbaycanın geosiyasi reallığı və Cənubi Qafqaz: tarix və perspektivlər" mövzusunda birgə elmi-praktik konfrans keçiriblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş tədbirdə və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sənədli fotosərgidə İsrailin siyasi partiyalarının nümayəndələri, o cümlədən Qüdsün sabiq meri, hakim "Likud" Partiyasından deputat Nir Barkat və deputat Keti Şitrit, "İsrail Bizim Evimizdir" Partiyasından deputatlar Yevgeni Sova və Mark İfraimov, habelə Holon şəhəri merinin müavini Mixail Sutovski, Absorbsiya Nazirliyinin baş alimi, Avrasiya Yəhudi Konqresi nəzdində Strateji Araşdırmalar Mərkəzinin başçısı, Ariel Universitetinin professoru Zeyev Hanin, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, hüquq doktoru, ravvin Mixael Finkel, Xolon Texnologiya İnstitutunun tələbə və müəllim heyəti, israilli jurnalistlər, əslən Azərbaycandan olan çoxsaylı icmanın üzvləri iştirak edib.

Konfransda Azərbaycanı Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə təmsil edib.

Tədbir iştirakçıları İsrailin və Azərbaycanın dövlət himnlərinin sədaları altında Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar. "Xocalıya ədalət!" sənədli fotosərgisi tədbir iştirakçılarının çoxuna faciəli hadisələri - nasist Almaniyasının yəhudi xalqına qarşı törətdiyi Holokostun dəhşətli mənzərələrini xatırladıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Xocalı soyqırımı ilə bağlı dərin kədərini ifadə edib. O ümidvar olduğunu bildirib ki, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad ediləcək və bir milyondan çox qaçqın və məcburi köçkün öz ata-baba yurdlarına qayıdacaq.

A.Qut deyib: "Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqının dərdinə şərik oluruq. Holokostu yaşamış bir xalq kimi, biz Azərbaycan xalqının diləklərini və ağrısını gözəl başa düşürük. Ermənistan Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalını 28 ildən çoxdur davam etdirir. Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması hamıya bəlli faktdır. Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalı soyqırımını yaşamış insanlarla dəfələrlə görüşmüşəm.

İnanın ki, onlar ermənilərin qəddarlığı və vəhşiliyi haqqında elə qorxunc şeylər danışıblar, bunlar barədə yazmaq da, danışmaq da olduqca ağırdır. Dəhşətli fevral gecəsində Xocalıda baş verənlər sənədli videomateriallarla, şahidlərin, o tükürpərdici mənzərəni öz gözü ilə görmüş xarici jurnalistlərin və ekspertlərin ifadələri ilə təsdiqlənir. Xocalının mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Bütün bu tarixi faktlar Xocalı soyqırımının dəhşətləri barədə atamla birlikdə yazdığım "Ağrı" bədii-sənədli romanında öz əksini tapıb”.

Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubov Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək deyib: "Biz bir neçə ay əvvəl Arye Qutla Bakıda görüşdük və belə razılığa gəldik ki, institutumuzda Azərbaycan Günü təşkil edək. Bu gün biz sizinləyik. Əslən Azərbaycandan olan yəhudilərin uğurlu icması, məhsuldar fəaliyyət göstərən "İsraildə Azərbaycan Evi” ölkəmizdə Azərbaycanın müsbət imicini formalaşdırır. Bu istedadlı, ağıllı və savadlı insanlar israillilərə bu qeyri-adi gözəl xalqdan danışaraq qısa müddətdə onların gözündə Azərbaycanın müsbət obrazını yaratdılar. Bizə tolerant və multikultural Azərbaycan xalqından, yəhudi xalqının Azərbaycanda təqiblərə, təhqirlərə, həqarətlərə, talanlara və antisemit fəaliyyətə heç vaxt məruz qalmamasından məhz onlar danışdılar. Azərbaycan əsilli israillilər artıq uzun illərdir Azərbaycan ilə İsrail arasında möhkəm və səmərəli iqtisadi, hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edirlər. ABŞ-ın 16-cı Prezidenti Avraam Linkoln deyirdi: "Öz gələcəyini qabaqcadan görməyin ən yaxşı üsulu bu gələcəyi özünün yaratmağındır!”. Gəlin bu xoşbəxt gələcək üçün – bizim üçün, gözəl gənclərimiz üçün əl-ələ verib bir yerdə çalışaq. Biz xoşbəxt gələcək üçün çox şey edə bilərik və etməliyik! Mən qardaş Azərbaycan xalqına sülh, tərəqqi və müstəqil Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətində uğurlar arzu etmək istəyirəm”.

Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə bildirib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər adətən diplomatiya və ticarət çərçivəsindən çox kənara çıxır. "Azərbaycanda yəhudilərin tarixi antik dövrlərə, Assur çarları dövrünə gedib çıxır. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycanda yəhudi diasporu dünyada ilk diasporlardan biridir. Belə bir fakt da vurğulanmalıdır ki, başqa ölkələrin çoxundan, o cümlədən monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizm təzahürü qeydə alınmayıb. Əksinə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda bu gün 20 minlik yəhudi icması yaşayır, 8 sinaqoq fəaliyyət göstərir. Heydər Əliyev Fondu bu yaxınlarda İsmayıllı rayonunun Müci kəndində çoxəsrlik tarixi olan yəhudi qəbiristanını bərpa edib. Bundan əlavə, müqəddəs Tövrat ilk dəfə Azərbaycan dilinə tərcümə olunub”.

Heydər Əliyev Fondunun nümayəndəsi elmi-praktik konfransın iştirakçılarını "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti barədə ətraflı məlumatlandıraraq deyib: "Bu beynəlxalq informasiya kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Kampaniya Xocalı soyqırımı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ətraf 7 rayonundan qeyd-şərtsiz çıxarılmasının zəruriliyi barədə beynəlxalq birliyin məlumatlılıq səviyyəsini artırmağa xidmət edir. Onun əsas məqsədi soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq onların xatirəsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək, salamat qalanları dəstəkləmək və onların əzablarını yüngülləşdirməyin çarəsini axtarıb tapmaqdır”,- deyə C.Məmmədzadə fikrini tamamlayıb.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş 10 dəqiqəlik "Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Qüdsün keçmiş meri, deputat Nir Barkad Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. O, elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsinə görə Holon Texnologiya İnstitutuna, "İsraildə Azərbaycan Evi”nə və Heydər Əliyev Fonduna təşəkkür edərək deyib: "Mən yaxşı bilirəm ki, ölkələrimiz strateji tərəfdaşlığı inkişaf etdirərək yüksək səviyyəyə qaldırırlar. Bizim Baş Nazirlə Azərbaycan Prezidenti tez-tez beynəlxalq platformalarda görüşürlər. Biz strateji əməkdaşlığımızı möhkəmləndirmək, dərinləşdirmək və inkişaf etdirmək üçün mümkün olan hər şeyi etməliyik”.

"İsrail Bizim Evimizdir” Partiyasından deputat Yevgeni Sova Xocalıda baş verənlərlə əlaqədar dərindən kədərləndiyini bildirib. O, İsrail-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyəti üzərində ətraflı dayanaraq bildirib ki, İsrail Azərbaycanı Cənubi Qafqazda mühüm strateji müttəfiq və regionda fəal geosiyasi aktor kimi nəzərdən keçirir. "Əgər desəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından biri İsrail tərəfindən məhz Aviqdor Liberman olub, elə bir böyük sirr açmaram. Məhz "İsrail Bizim Evimizdir” Partiyasının liderinin xarici siyasət konsepsiyası İsrailin xarici siyasət strategiyasında Azərbaycanı postsovet məkanının sadə ölkəsindən İsrail Dövlətinin strateji tərəfdaşına çevirib. Regionda Azərbaycanın strateji əhəmiyyətini və geosiyasi vacibliyini məhz Aviqdor Liberman başa düşüb”, - deyə Y.Sova vurğulayıb.

Holon şəhəri merinin müavini, bakılı Mixail Sutovski də Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirərək deyib: "Bu gün bizə 613 insanın – uşaqların, qadınların və qocaların həyatına son qoymuş Xocalı faciəsinin qurbanlarının xatirəsini anmaq şərəfi nəsib olub. Onları gecənin bir aləmində, aman vermədən vəhşicəsinə və soyuqqanlılıqla qətlə yetiriblər. Bu insanları zorla Həyat kitabından siliblər. Amma Xocalı qurbanları bu faciə ilə barışmaq istəməyən və barışmayan insanların yaddaşına həkk olunub. Biz hər il erməni terrorunun qurbanlarını xatırlayırıq. Bu gün bura insan həyatına dəyər verənlər, bu cür dəhşətli hadisələri unutmayanlar və buna bənzər faciələrin təkrarlanmaması üçün əlindən gələni etməyə çalışanlar toplaşıblar”.

Absorbsiya Nazirliyinin baş alimi, Avrasiya Yəhudi Konqresi nəzdində Strateji Araşdırmalar Mərkəzinin başçısı, Ariel Universitetinin professoru Zeyev Hanin Azərbaycanın İsrail üçün strateji əhəmiyyəti üzərində dayanaraq deyib: "İsrail Dövləti ilə Azərbaycanın çox etibarlı dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri hazırda dünyanın bir çox ölkələri üçün həqiqi və ideal modeldir. Bu ölkələr ən çətin vaxtlarda həmişə bir yerdə olublar, həmişə bir-birinə dəstək göstəriblər. Möhkəm münasibətlərin əsas səbəblərindən biri insanlar arasında körpü amilidir, uzun əsrlər boyu Azərbaycan ərazisində yaşayan azərbaycanlılarla yəhudilərin sarsılmaz qardaşlıq və dostluq münasibətləridir. Azərbaycan tarixinin XX əsrin 90-cı illərinin əvvəlinə aid qanlı səhifələrini, eləcə də multikulturalizm və tolerantlıq məsələlərini müzakirə etdiyimiz bugünkü konfrans göstərir ki, "İsraildə Azərbaycan Evi” Azərbaycanın maraqlarını İsraildə layiqincə və ən yüksək səviyyədə təmsil edir. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan əsilli İsrail vətəndaşları Vətəndə, Azərbaycanda baş verənləri diqqətlə izləyir və onun təəssübünü çəkirlər. Bu, unikal hadisədir.

Bu da bir faktdır ki, İsrail məhz ölkəmizdə Azərbaycanın fəal lobbiçiləri sayəsində onun ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa çağırır”.

Ehtiyatda olan polkovnik, hazırda İsrail vətəndaşı, Xocalıda dəhşətli soyqırımı aktının canlı şahidi Əsəd Fərəcovun çıxışı hamını mütəəssir edib. "Biz hadisələrdən 2-3 gün sonra o dəhşətli çölə gəldik. Erməni vəhşiliklərinin nəticələri fonunda çəkildiyim foto var. Xocalının həlak olmuş sakinlərinin təhqir edilmiş meyitləri indiyədək gözümün önündədir. Bu çöl Xocalının 17-20 kilometrliyində yerləşir. Bu dəhşətli mənzərəni – qətlə yetirilmiş, eybəcər və tanınmaz vəziyyətə salınmış, zorlanmış qadınları, yandırılmış insanları, kəsilmiş başları, qulaqları, uşaqların və qocaların soyulmuş baş dərilərini, deşilmiş başlarını görəndən sonra başa düşdük ki, Xocalı soyqırımı haqqında bu dəhşətli həqiqəti dünyaya çatdırmaq üçün bura jurnalistlər gətirilməlidir. İçərisində jurnalistlər olan ikinci helikopter uçanda ermənilər düşünürdülər ki, biz xocalılıların meyitlərini toplamağa gəlmişik. Mərhum Çingiz Mustafayev yanımda idi. O, hönkür-hönkür ağlayaraq gördüklərini videoya çəkirdi. Siz bu kadrlarda mənim ona "Bunu da çək, bunu da çək” deyərkən səsimi də eşidə bilərsiniz. Əgər ermənilər bilsəydilər ki, biz Fransa, Türkiyə və Rusiya jurnalistlərinin bir qrupunu gətirmişik, onda bu helikopteri vurardılar”, - Ə.Fərəcov vurğulayıb.

"İsraildə Azərbaycan Evi”nin başçısı Şirin Nehamiya Mixaeli İsrailin Azərbaycan icması və Azərbaycan Respublikası ilə sədaqətli və həqiqi dostluğuna görə Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubova təşəkkür edərək deyib: "Mən Azərbaycan xalqının dağ yəhudisi mənşəli oğluyam və bəyan edirəm ki, 1992-ci ildə şahidi olduğumuz vəhşilikləri heç vaxt unutmayacağıq. Gün o gün olsun ki, mən və yaxın dostlarım Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etsinlər. Biz, Azərbaycan əsilli dağ yəhudiləri fəxr edirik ki, daşnak işğalçılarına qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Albert Aqarunov olub. Onun qəhrəmanlığı Azərbaycan və yəhudi xalqlarının igidliyini nümayiş etdirdi. Albertin yanında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən çoxlu yəhudi olub. Onların arasında itkin düşənlər də var. Mənim yaxın qohumum Vüqar Mixaylov onlardan biridir. Hazırda Mixaylovlar ailəsinin üzvləri İsrailin müxtəlif şəhərlərində yaşayırlar. Vüqarın anası, böyük qardaşı və bacısı ümid edirlər ki, 28 il erməni əsirliyində keçirdikdən sonra Vüqarla yenidən görüşə biləcəklər”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, ravvin Mixael Finkel Azərbaycan xalqına başsağlığı verərək deyib: "Biz dinc əhaliyə qarşı zorakılığın və amansızlığın hər hansı formasını həmişə pisləmişik və bundan sonra da pisləyəcəyik. Xocalı haqqında sənədli sərgidə nümayiş etdirilən bu qorxunc fotolar erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı qanlı qırğının xüsusi amansızlıq və zorakılıqla törədildiyini təsdiq edir.

Biz Holokostu yaşamış bir xalq kimi, Xocalının dinc azərbaycanlı sakinlərinə münasibətdə bu barbar metodları və insaniyyətdən uzaq münasibəti pisləyirik. Mən Xocalı soyqırımının qurbanlarının xatirəsinə yəhudilərin "Kadiş” duasını oxumaq istəyirəm”, - deyə ravvin Mixael Finkel Xocalı soyqırımı qurbanlarının dua oxuyub.

Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut konfransı yekunlaşdıraraq vurğulayıb ki, Xocalı soyqırımının təşkilatçıları, ideoloqları və ruhlandırıcıları, təəssüf ki, hələ də ədalət mühakiməsindən və məhkəməsindən yaxa qurtara bilirlər. Bu səbəbdən Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları həbsxanada yatmaq əvəzinə prezident, nazir olur, onları qəbul edir və xarici ordenlərlə təltif edirlər. Lakin azərbaycanlılar tərəfindən cəzalandırılacaqları qorxusu onları bir an belə tərk etmir. Biz həlak olanlara görə dərin kədər hissi keçirir, onların xatirəsini əziz tutur, qisas deyil, ədalət tələb edirik. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən beynəlxalq informasiya kampaniyası "Xocalıya ədalət!” adlanır. Yəni kampaniyanın əsas məqsədi ədalətə nail olmaq, Xocalıda hərbi cinayətlərdə, bəşəriyyət əleyhinə cinayətlərdə və kütləvi qətllərdə günahkar olanları məsuliyyətə cəlb etməkdir.