Vaşinqtonda GUAM ölkələrinin biznes imkanları təqdim olunub
08 Mart, 11:05   |    Baxış sayı: 171

Vaşinqtonda GUAM ölkələrinin biznes imkanları təqdim olunub

"Vaşinqton Post” qəzetinin iqamətgahında "Community Empowerment” Assosiasiyasının və "Global Chamber” şirkətinin təşkilatçılığı və ABŞ-da akkreditə olunan GUAM ölkələrinin səfirliklərinin iştirakı ilə "GUAM məhsulları” adlı tədbir keçirilib.

diasporpress.az xəbər verir ki, tədbirdə diplomatik nümayəndəliklər, biznes şirkətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə GUAM ölkələrində akademik və biznes imkanları barədə çıxışlar edilib, təşkilatın bu ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsində rolundan bəhs olunub.

Gürcüstan, Ukrayna və Moldova səfirliklərinin nümayəndələri ilə yanaşı, ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov çıxış edərək Azərbaycanın biznes layihələri, inkişaf edən sənaye sahələri, ticarət əlaqələri və potensial imkanlar barədə məlumat verib, regionun inkişafı üçün birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, GUAM ölkələrinin yerli çaxır məhsulları tədbirin diqqət mərkəzində olub və təqdim edilən Azərbaycanın "Savalan” yerli brendinin çaxırları qonaqların marağına səbəb olub. Biznes nümayəndələri Azərbaycan çaxırlarının ABŞ bazarında yayılması imkanları ilə maraqlanıblar.

Tədbirdə qonaqlara Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın milli yeməkləri və şirniyyat nümunələri təqdim edilib. Ölkəmizin milli mədəniyyət nümunələrini əks etdirən guşə qonaqlar tərəfindən maraqla izlənilib.