UNEC-də iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartlar hazırlanıb
08 Avqust, 20:40   |    Baxış sayı: 170

UNEC-də iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartlar hazırlanıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə ali təhsilin magistratura pilləsində iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartlar hazırlanıb və tətbiq edilib.

UNEC-dən Diasporpress.az-a bildirilib ki, yeni standartlarla tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğunlaşdırılaraq 2 semestri əhatə edib və tədqiqat prosesinə daha çox yer ayrılıb. Həmçinin magistr dissertasiyasına ayrılan kreditlər və dissertasiyanın hazırlanması üçün müddət daha da artırılıb. Tədqiqat prosesinin operativ qaydada, magistrant-elmi rəhbər arasında effektiv təşkil olunması üçün "Tədqiqatlar, kommunikasiya və innovasiya” və "Tədqiqat işinin aparılması” fənləri əlavə edilib. Bu dərslərin əsas cəhəti ondan ibarətdir ki, magistrant elmi rəhbəri ilə mütəmadi əlaqədə olaraq tədqiqatın gedişi barədə ona hesabatlar təqdim edir. Müvafiq hesabatları təqdim etməyən magistrant fənn üzrə qeyri-müvəffəq hesab olunur. Bundan əlavə, bütün ixtisaslar üzrə məcburi olaraq "Tədqiqat metodları” fənni standartlara əlavə edilib. Bu fənnin əlavə olunmasında əsas məqsəd magistrantlara yeni tədqiqat və analiz metodları haqqında məlumat verərək onları tədqiqat prosesinə hazırlamaqdır. Eyni zamanda, yeni standartlara əsasən, tədrisin keyfiyyətinin artırılması məqsədilə təhsilini dünyanın nüfuzlu ali məktəblərində başa vuran və ölkənin öndə gedən qurumlarında çalışan, akademik fəaliyyət bacarıqlarına və minimum magistr dərəcəsi olan mütəxəssislərin tədris prosesinə cəlb edilməsinə şərait yaradılıb.

Diasporpress.az