Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ
06 Aprel, 11:30   |    Baxış sayı: 391

Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ

Koronavirusun geniş yayıldığı ölkələrdən biri də Türkiyədir. Belə ki, qardaş ölkə virusa yoluxma sayına dünya üzrə ilk onluqda qərarlaşır.

Pandemiya dövrü ilə bağlı qonşu ölkədə hazırkı durumu öyrənmək maraqlı olardı. Diasporpress.az xəbər verir ki, Türkiyədəki ümumi vəziyyət, karantin dövrü ilə bağlı Modern.az-ın suallarını  artıq illərdir bu ölkədə yaşayan jurnalist Məshəti Şərif cavablayıb.

- Məhsəti xanım, Türkiyədə insanlar karantin rejiminə əməl edə bilirmi?

- Tam əməl edirlər desək, yanlış olar. Əgər tam əməl edilsəydi, hazırda yoluxma sayı bu qədər artmazdı. İlk günlərdə insanlar bu virusu qəbul edə bilmirdilər. Toplum inananlar və inanmayanlar kateqoriyasına bölünmüşdü. Sonra yoluxan və ölənlərin sayı artdıqca insanları qorxu sarımağa başladı. Eyni zamanda,  bunların içində tanıdıqlarımın və tanınan həkimlərin olması daha da qorxuducu oldu. Karantinlə bağlı qaydaların sərtləşməsi də qorxu təsirli oldu. Yavaş-yavaş küçələr boşalmaga başladı. Amma hələ də sosial məsafəni qorumayan insanlar var. Bu eyni zamanda tam küçəyə çıxmama qərarının gətirilməməsi ilə baglıdı.

- Həkimlər, polislər günün qəhrəmanları hesab olunur. Amma gəlin etiraf edək ki, belə bir zamanda jurnalistlərin də üzərinə ağır iş düşür. Siz hazırda medianın iş prinsipini necə qiymətləndirirsiniz? Sizcə media eyni zamanda sosial məsuliyyətini də anlayırmı?

- Bu bir pandemiyadır. Yəni düşmənlə üz üzəsən. Səngərə girə bilmirsən. Düşmən sinsidir və hər an səni yaxalaya bilər. O üzdən də bu dövrdə düşmənlə üz-üzə işləyən hər kəsə təşəkkür düşür. Təbii ki, həkimlərin bu məsələdə rolu heç bir peşə sahibi ilə qarşılaşdırılmaz. Bu vürusun dərmanı olmasa belə yenə də yeganə xilaskarımız və ümidimiz həkimlərdir. Bir gün bu bəlaya dərman tapan da onlar olacaq.

Eyni zamanda polislər... Onlar bütün dövrlərdə çalışır. Müharibədə, xəstəliklər yayılanda, təbii fəlakətlərdə. Onların da əziyyəti danılmazdır.  Həmçinin, mən jurnalistlərin də əməyini qeyd etmək istəyirəm. İnsanlar istənilən halda məlumatı onların vasitəsi ilə alır. Amma jurnalist eyni zamanda sosial yük daşıyır. Onların verəcəyi bir yanlış xəbər yüzlərlə insanı təsir altına sala bilir. Yanlış xəbərin xofu və yayılma gücü də virus kimidir. Bəzən media nümayəndələri bunu tam dərk etmir və ya edir PR üçün dəyərlərdən vaz keçir. Jurnalist də insandır və hər an yoluxa bilər. Müsahibə alanda, televiziya proqramlarında sosial məsafələri ilə, qorxuducu deyil, maarifləndirici məlumatları ilə cəmiyyətə təsir etməlidir. Bəzən buna əməl etmirik. Ya qarşımızdakını ittiham edirik, ya dərs veririk. Əgər jurnalistsənsə və cəmiyyətdə sənə inanan cəmi bir neçə nəfər varsa belə, bu dönəmdə hər hərəkətinə diqqət etməlisən. Başqalarına evdə qal deyirsənsə sən işdə, yolda və s. dostlarınla sosial məsafə gözləmədən şəkil çəkib paylaşmamlısan. Çünkü sən örnəksən. Bəlli, işdəsən, ancaq işdə oldugun zaman da karantinin qaydalarına riayət etməlisən. Amma təəssüf ki, sosial məsuliyyətini anlamayan həmkarlarımız çoxdur.

- Türkiyədə yaşayan azərbaycanlılar necə, orada karantin qaydalarına əməl edirlərmi?

- Burda kifayət qədər azərbaycanlı tanıyıram. İndiyədək 1 nəfər azərbaycanlının virusa yoluxması ilə bağlı rəsmi məlumat var. Mən tanıdığım insanlar arasında yoluxma halı qeydə alınan yoxdur. Azərbaycanlılar buarda qaydalardan qorxur. O üzdən əməl edirlər. Mənim müşahidələrim və münasibətdə olduğum insanlar evdədirlər.  Bizim böyük  "WhatsApp" qrupumuz var. Oradan da gördüyümə görə karantin rejiminə həmyerlilərimiz əməl edirlər. Etməyənlər də artıq məcbur qalıb şəraitə uyğunlaşmalıdır. Çünkü qaydalar sərtləşir.

- Azərbaycanda KİV nümayəndələrinə karantin müddətində məhdudiyyət qoyulmur. Türkiyədə vəziyyət necədir?

- Burda da eynidir. Yazılı mətbuat evdən çalışır. Sadəcə təcili məslələrlə bağlı çıxırlar. Amma televiziya işçiləri işə gedir. Lakin onlara da müəyyən məhdudiyyətlər var. Belə ki, televizyada çalışan həmkarlarımız növbəli rejimlə işləyirlər. Xroniki xəstəlikləri olanlar isə icazəli şəkildə evdədirlər. Xəstəxanalar və yoluxma təhlükəsi olan yerlərdə çəkilişlərə icazə verilmir.

- Türkiyədə Azərbaycan məktəbində dərsliklərlə bağlı bir ara problem yaranmışdı. Bildiyimiz qədəri ilə Diaspor Komitəsi və Təhsil Nazirliyinin köməyi ilə bu problem aradan qalxdı. İndi həmin məktəbdə vəziyyət necədir?

- Mən o məktəblərdən birində Egitim və Kültür Dərnəyinin nəzdində milli qəhrəman  Mübariz İbrahimov adına məktəbdə çalışıram. Jurnalistika ilə yanaşı, məncə gördüyüm ən faydalı işdir. Bəli, dərslik problemimiz Diaspor Komitəsinə müraciətimizdən sonra həll edildi.  Müraciət etdik və 1 həftə içində kitablarımız gəldi. Vürus yayıldıqda bizim məktəbdə digər məktəblər kimi fəaliyyətini müvəqqəti dayandırdı. Bizdə hazırda internet üzərindən şagirdlərimizə dərs veririk. Amma bizim başqa bir problemimiz də vardı. Bəlkə məktəblərin açılması bir neçə ay daha uzanacaq. Biz dərs keçmək üçün icarəyə götürdüyümüz yerin kirayə haqqını necə ödəyəcəyik? Məktəb vaxtı valdeyinlərin yardımı ilə kirayəni ödəyirdik. Amma əlavə gəlirimiz yoxdur. Mən ümumi müraciət hazırladım və sosial hesabımdan paylaşdım. Kimsə reaksiya vermədi. İnsanlar şəxsi münasibətlər prizmasından yanaşır məsələyə. Hətta bunu mənə özəldən yazan belə oldu. Məktəbdə filankəslər olmasa, kömək edərdik və s. kimi fikirlər. Məncə bu bir xəyanətdir. O məktəbdə Azərbaycanın gələcəyi var. Bizim övladlarımız var. Siz şəxslərə deyil, Azərbaycanın gələcəyinə, təhsilinə yardım edirsiniz. Amma yenə də Diasporla İş üzrə Dövlət Komitəsi. Komitəyə məktub yazdım və bir gün sonra reaksiya gəldi. Zəng etdilər maraqlandılar. Məktəbimizin üç aylıq xərcini qarşıladılar. Dövlət Komitəsinə yanımızda olduqları üçün təşəkkür edirəm. Ümid edirəm ki, üç ay sonra bu problem bitər və biz normal həyatımıza dönərik.

- Təhsildən söz düşmüşkən, azərbaycanlı tələbələrin bir çoxu karantin rejimi elan olunsa da, Azərbaycana qayıtmadı. Onlarla əlaqə saxlayırsınız? Vəziyyətləri nə yerdədir?

- Azərbaycana dönən tələbələrimiz çox oldu. Dönməyən tələbələrimizin maddi sıxıntıları var. Kirayə ödəyə bilmirlər. Bir neçə tələbəmiz vardı ki, onlar bir həftə yeməksiz qalmışdı. Burdakı dəyərli insanların, jurnalistlərin sayəsində ən azı qısa müddətlik də ərzaqları oldu. İndi tələbələr Azərbaycandan maddi dəstək ala bilmirlər. Orda da vəziyyət bəllidir.  Biz burda onlara dəstək olmağa çalışırıq. Jurnalistlər Nigar Ögeday, Sevil Nuriyeva, Şəbnəm Karslı, yazar Aygün Həsənoğlu tələbələrə yardım etmək üçün çalışır. Onlara ərzaq göndəririk. İmkanı olan şəxslərdən xahiş edib maddi dəstək olmaqlarına çalışırıq. Amma burda tək tələbələr də deyil. Yüzlərlə vətəndaşımız var ki, Türkiyədə tekstillərdə, restoranlarda işləyirdi. Amma hazırda işsiz qalıblar. Səfirliyimiz buradakı tələbələri, maddi çətinliyə düşən azərbaycanlıları qeydiyyatdan keçirir. Amma Türkiyədə sənədsiz yaşayan yüzlərlə insanımız var. Düzdür, onların xeyli hissəinə yenə də Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən kimlik verildi. Amma qalanlar da var və onların durumu daha ağırdır. Rəsmi yaşayış qeydiyyatları, sənədləri olmadıqları üçün heç bir yerdən yardım ala bilmirlər. Hamısı iş yerlərini itiriblər və hazırda çətin durumdadırlar. Səfirlik də rəsmi icazə kağızının şifrəsini istəyir qeydiyyat zamanı. Bu insanların siyahısını tutub təşkilatlara göndəririk. Təəssüf ki, hər kəs onların halını anlamağı bacarmır. 3 nəfərə yardım edib şəkil çəkib paylaşmaqla iş bitmir. Bu çətin zamandan bir yerdə çıxmalıyıq.

- Karantin rejimi ilə əlaqədar bahalaşma, maska, yaxud spirt çatışmazlığı və bu kimi digər problemlər mövcuddur?

- Azərbaycanda hansı problemlər varsa, burda da o var, o cümlədən bahalaşma da. Qıtlıq yoxdur. Maska, əlcək, spirt hər şey var. Amma on qat baha. 50 ml. spirt 15 liradır (3.84 azn) aptekdə.

30 kuruş olan birdəfəlik maska 5 lira (1.28 qəp) olub. Ərzaqlar bahalaşıb. Kaloniya, sirkə, sarımsaq çox bahadır. Düşünə bilirsiniz kilosu 8-9 lira  (2 AZN) olan sarımsaq 85 lira (21 AZN) olub. Burada da fürsətçilər iş başındadır. Qıtlıq yoxdur, bahalaşma isə çoxdur. Eyni zamanda işsizlik artıb. Restoranlarda, geyim mağazalarında, çay evlərində, şirniyyat evlərində, tekstillərdə işləyənlər işsizdir. Gündəlik təmizliyə gedənlər, uşaq baxıcıları, kuryerlər, müqaviləylə çalışan müəllimlər işsiz qalıb. Bu siyahını çox uzatmaq olar. Koronavirus məncə bütün dünyada eyni problemi yaradıb. Bütün dünya bu durumdan yaralı çıxacaq. Sadəcə bəzi dövlətlərin yarası sağalacaq, bəzilərininki metastaz verəcək.

- Hazırda bütün dünya, elə medianın özü də #evdəqal deyir. Amma görünən odur ki, hələ də evdə qala bilməyən insanlar var. Sizcə, insanları evə cəlb etmək və karantin qaydalarına əməl olunması üçün nə etmək lazımdır?

- Əslində bütün məsələlərin başında məsuliyyət gəlir. Hər kəs məsuliyyətli olmalıdır. Hazırda hər kəs bir təhlükədir, virus mənbəyidir. O üzdən də insanlar evdə qal deməklə şou göstərməməlidir, evdə qalmalıdır. Bir başqa məsələ də maddi təminatdır. İnsanlar çölə çıxmalarını nə ilə əsaslandırır? "İşə gedirəm, evdə otursam kim mənə yemək verəcək” və.s. Haqsızdırlar? Yox! O üzdən öncə bu maddi problem həll edilməlidir. Məsələn, mən Azərbaycana daha çox güvənirəm. Dövlət fond yaradıb. Bu fonda kifayət qədər  pul yığılır. Dövlətin dar gün fondu da var. Vergilər və s. Öncə maddi yardım edilərək "iş üçün çıxıram” sözü durdurulmalıdır. Ondan sonra əmin olun Azərbaycanda bu xəstəlik uzanmaz. Küçələrdə insanlar olmazsa, avtobuslarda sıxlıq yaranmazsa yoluxma da azalar. Təbii, "evdə oturmaqdan sıxıldım” deyənlər barədə də ciddi ölçü götürülməlidir. Eyni zamanda insanlar virusla baglı şəffaf məlumatlandırılmalıdır. Bu məlumatı verən şəxsin də kimliyi önəmlidir... Məsələn, Türkiyədə biz  Səhiyyə nazirinin "Tvitter" hesabını durmadan izləyirik. Ona mesaj yazib fikir bildirə bilirik. Xalqı ələ almaq üçün, inandırmaq və ümid vermək üçün səhiyyənin başında duran şəxsdən çox şey asılıdır.


Diasporpress.az