Toğrul Allahverdili Rustavi-2 kanalında Gürcüstana etirazlarını bildirdi - VİDEO
24 Yanvar, 22:26   |    Baxış sayı: 196

Toğrul Allahverdili Rustavi-2 kanalında Gürcüstana etirazlarını bildirdi - VİDEO

 
"Gürcüstanda erməninin abidəsinin ucaldılması iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirə bilər".
 
Bunu Gürcüstanın "Rustavi-2" televiziyasına müsahibə verən Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili deyib. O, bir neçə gün bundan əvvəl ölkənin Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılmasına etirazını bildirib. 
 
T.Allahverdili qeyd edib ki, Gürcüstan da Azərbaycan dövləti kimi torpaqlarının bir hissəsi işğal olunan ölkələrdəndir: "Azərbaycan torpaqlarının işğalında iştirak edən, azyaşlıları öldürən bir erməniyə Gürcüstanda abidə ucaldılması bütün dünya azərbaycanlılarını sarsıdıb. Bu, yolverilməzdir. Bu, iki ölkə arasında gərginliyin yaranmasına səbəb ola biləcək hadisədir. Gürcüstanın erməniyə abidə ucaltması qonşu və dostluq münasibətində olduğu Azərbaycana kürəyindən bıçaq zərbəsi vurması deməkdir".
 
Qeyd edək ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılıb. Açılış mərasimində Gürcüstan rəsmiləri- Akhalkalaki Bələdiyyə Başçısı Yurik Hunanyan, Bələdiyyə sədri Nairi İriçyana, Hakimiyyət orqanları, habelə millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan eləcədə Ermənistanın fövqaladə və səlahiyyətli səfiri Ruben Sadoyan iştirak ediblər. Avagyanın abidəsinin və onun ətrafında salınan oyun meydançasının inşasına erməni diasporu iş adamı Gagika Avagyan maddi dəstək olub.
 
Xatırladaq ki, "kobra" ləqəbli M.Avagyan Qarabağ müharibəsi başlayan zaman Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. O, azərbaycanlılara qarşı qəddarlığı ilə tanınıb.