Torontoda Xalq artisti Əminə Dilbazi anılıb
25 Noyabr, 16:21   |    Baxış sayı: 281

Torontoda Xalq artisti Əminə Dilbazi anılıb

Torontonun Şimali York Vətəndaş Mərkəzində ("North York Civic Centre”) Azərbaycan xoreoqrafiya məktəbinin görkəmli nümayəndəsi, rəqqasə, Xalq artisti Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Kanadada fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijani Women’s Support Centre) təşkilatçılığı ilə baş tutan tədbirdə Əminə Dilbazinin oğlu, tanınmış dirijor İsmayıl Haçıyev də iştirak edib.

Gecədə Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin idarə heyətinin üzvləri Minirə Babayeva və Könül Qurbanova, tarixçi Fatimə Quliyeva, Əminə Dilbazinin tələbəsi Qəmər xanım Peyğəmbəri, eləcə də oğlu İsmayıl Hacıyev çıxış edərək, görkəmli sənətkarın həyat və yaradıcılığı, fitri istedadı, yüksək səhnə mədəniyyəti, bənzərsiz ifa tərzi, rəngarəng repertuarı, milli rəqs sənətindəki rolu, bu sahədə çoxəsrlik ənənələrimizin qorunub saxlanılmasında müstəsna xidmətləri, pedaqoji fəaliyyəti, Dilbazi nəslinin şəcərəsi və onların Azərbaycanın müstəqilliyi ugrundakı mübarizəsi haqqında danışıblar.
Qeyd edilib ki, məhz Əminə Dilbazinin araşdırmaları sayəsində Azərbaycan xalq rəqsləri daha da zənginləşib, onin qiymətli nümunələri yeni çalarlar qazanıb. Sənətkarın mötəbər beynəlxalq müsabiqə və festivallarda milli rəqslərimizi uğurla təqdim etdiyi, eyni zamanda, dünya xalqlarının rəqslərinin öyrədilməsinə də geniş yer ayırdığı vurğulanıb.

Gecənin bədii hissəsində "Dalğa” musiqi qrupunun üzvləri Əliheydər Mirzəyev, Əkbər Məcidov, Əhəd Məmmədov və Əhməd Ağdaminin müşayiətilə müğənnilər Yusif Savalan və Davud Ağabalayi lirik mahnılar, Naznaz Sadıqova isə şairə Mirvarid Dilbazinin "Bir yarpaq” şeirini səsləndiriblər. Qəmər Peyğəmbərinin, Ayaz ve Dəniz Haditalabların ifasında isə Ə.Dilbazinin repertuarından rəqslər təqdim olunub.