Stokholm şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Yanvar, 16:12   |    Baxış sayı: 1580

Stokholm şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi, İsveç Azərbaycan Federasiyasi və İsveç-Azərbaycan Dərnəyinin (SAF) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, diaspor üzvlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Diasporpress.az xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "Silahdaşlar” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Stokholm Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Rahim Sadıqbəyli, İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov 30 il öncə SSRİ rəhbərliyinin Bakıda və Azərbaycanın digər şəhərlərində törətdiyi dəhşətli cinayətdən danışıblar. Natiqlər 20 Yanvar faciəsini xalqımıza qarşı əvvəlcədən planlaşdırılmış qanlı akt adlandırıblar, Yanvar hadisələrini xalqımızın müstəqillik ruhunu sarsıtmaq istəyən qüvvələrin səylərinin uğursuzluğa məruz qalması, xalqımızın öz qanı bahasına müstəqilliyə qovuşması və azadlıq əzmini bir daha nümayiş etdirməsi kimi qiymətləndiriblər. Qeyd edilib ki, 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də xalqımızın qürur günüdür. Tariximizin ən şərəfli səhifələrindən biri olan bu gündə Vətən uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bütün dünyada ehtiramla yad olunur.

Qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsi İsveçin Höteborq şəhərində keçirilən tədbirdə də yad edilib. İsveçin "Öppna kanalen” telekanalında və 101.1 FM radiosunda 20 Yanvar hadisələrinə həsr olunmuş verilişlər yayımlanıb.