Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımıza yardım göstərilib
04 May, 15:51   |    Baxış sayı: 590

Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımıza yardım göstərilib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) birgə təşkilatçılığı ilə Şimali Kiprdə yaşayan azərbaycanılara yardım edilib.
 
AKDC-nin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən Şimali Kiprdə martın 12-dən etibarən karantin elan olunub.
 
Bu səbəbdən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti öz ailə üzvləri ilə Kiprdə yaşayan və iş yerlərini itirən, müvəqqəti maddi çətinlik çəkən soydaşlarımızın və adada təhsil alan ehtiyac içində qalan tələbələrimizin sayını araşdıraraq, bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ünvanlayıb. Müraciətə operativ cavab verən komitə rəhbərliyi Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə həyata keçirdiyi yardımların davam etdirilməsi üçün maddi yardım göndərib. Nəticədə bu günə qədər Şimali Kiprdə ehtiyacı olan 20-dən çox soydaşımız yataqxana ilə təmin edilib.
 
Universitetlərdə təhsil alan ehtiyac içərisində olan 60 tələbəmizə, həmçinin ailədə ən azı 1 övladı olan 42 azərbaycanlı ailəyə ərzaq və maddi yardım göstərilib. Orxan Həsənoğlu deyib: "Bu günə qədər Azərbaycan cəmiyyəti olaraq Şimali Kiprdə yaşayan soydaşlarımızın daim yanında olmuşuq. Bu çətin günlərdə də onları dəstəkləməyə çalışırıq. Soydaşlarımızın bəzilərini evində ziyarət edir, ehtiyaclarını qarşılayır və problemlərini dinləyib kömək edirik.
 
Vətəndaşlarımız bütün ölkələrdə olduğu kimi Şimali Kiprdəki soydaşlarımıza göstərilən diqqət və qayğıya görə, dövlətimizdən sonsuz razılıqlarını ifadə edir, Prezident İlham Əliyevə səmimi minnətdarlıq ünvanlayırlar”
 
DiasporPress.az