Şərqi Avropada yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis olunub
28 Oktyabr, 16:10   |    Baxış sayı: 42

Şərqi Avropada yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis olunub

Diasporpress.az xəbər verir ki, Oktyabrın 26-da Budapeştdə Şərqi Avropa ölkələrində yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Şərqi Avropada yaşayan və təhsil alan çoxsaylı soydaşlarımız iştirak ediblər.
Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlanıb.
Tədbiri giriş sözü ilə açan səfir V.Quliyev Şərqi Avropada yaşayan azərbaycanlıların fəaliyyətindən danışaraq, soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib və nümayəndə heyətinin Macarıstana səfərinin səmərəli keçdiyini vurğulayıb. Diplomat deyib ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın tanıdılmasında böyük rol oynayırlar, amma bu prosesin daha da gücləndirilməsinə ehtiyac duyulduğundan təsis toplantılarının keçirilməsinın, Koordinasiya Şuralarının təsis edilməsinin faydalı olacağına inanır.
Komitə sədri çıxışı zamanı dövlətimizin diaspor siyasətindən, dünya azərbaycanlılarının təşkilatlanma imkanlarından danışıb. Soydaşlarımızla bu cür açıq müzakirələrə ehtiyacın olduğunu vurğulayan F.Muradov bildirib ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin müstəqilliyinin qorunması, dünyada tanıdılması, azərbaycançılığın yaşadılması istiqamətində çalışmalıdır. Bu baxımdan Şərqi Avropada yaşayan azərbaycanlıların intellektual potensialının yüksək olduğu vurğulanıb.
Komitə sədri toplantı iştirakçılarının nəzərinə çatdırıb ki, Macarıstanda Azərbaycan evinin açılması nəzərdə tutulur və hazırda bununla bağlı müzakirələr aparılır.
Toplantıda Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Diaspor gənclərinin II Yay Düşərgəsi zamanı keçirilmiş inşa müsabiqəsinin qalibi, hazırda Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricilə-rindən biri olan Lalə Zeynalovaya Dövlət Komitəsi adından hədiyyə təqdim olunub. Daha sonra Koordinasiya Şurası təsis olunub və əlaqələndiricilər seçilib.
Koordinasiya Şurasının fəaliyyət isiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, soydaşlarımızın problemləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.