Samir Adıgözəlli: “Qovurlar” tirajlamaqla sanki içlərində hansısa bir acığı çıxarmağa çalışırlar.
23 Sentyabr, 11:57   |    Baxış sayı: 102

Samir Adıgözəlli: “Qovurlar” tirajlamaqla sanki içlərində hansısa bir acığı çıxarmağa çalışırlar.

Son günlər bir iki xəbər saytında "Naxçıvanlıları İstanbuldan qovurlar” başlıqlı xəbərlər dərc olundu. Bu xəbərin yalan olduğu Türkiyənin ölkəmizdəki səfiri tərəfindən bəyan edildi.

Heç bir əsası olmayan yalan məlumatın yazılıb tirajlanması əlbəttə ki, jurnalist əxlaqı ilə daban-dabana ziddir. Amma burada təəssüf doğuran daha ciddi məqam var. Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır? Bir media mənsubu necə ola bilər ki, öz ölkəsinə, öz xalqına qarşı bu qədər qərəzli olsun. Görəsən bu başlığı qoyub bəh-bəhlə paylaşanlar azərbaycanlı adını daşımaqdan heç utanc hiss etdilərmi? Azərbaycandan da türk vətəndaşı deport olunub və oluna bilər. Amma bunu hansısa türk xəbər saytı "iğdırlıları, qarslıları və s. Azərbaycandan kütləvi surətdə qovurlar” başlıqlı yazı dərc etməz.

Türkiyə hökuməti tərəfindən tam qanuni şəkildə oturum icazəsi olmayan hansısa əcnəbi vətəndaşı (nəinki Azərbaycan vətəndaşı) deportasiya edilir. Deportasiya edilən Azərbaycan vətəndaşları Naxçıvanla sərhəd olan "Dilucu” keçid məntəqəsindən yola salınır. Bundan sonra belə bir mənzərə yaranır ki, deportasiya olunanların hamısı Naxçıvan sakinidir. Halbuki onların içərisindən digər bölgələrimizdən olan vətəndaşlarımız da var.

Bu məsələnin bir tərəfi. Digər tərəfdən vətəndaşlarımızı müvəqqəti yaşadıqları ölkələrdə həmin ölkənin qanunlarına hörmət edib, sənədləşmə məsələlərində məsuliyyətli olmağa çağırmalıyıq. Azərbaycana və onun milli maraqlarına qarşı düşmən informasiya maşını onsuzda gecə-gündüz çalışır. Bir tərəfdən də öz içərimizdə bəzi xəbər portallarının qarayaxma kompaniyası aparması ciddi narahatçılıq doğurur. Düşmən mediası durmadan yalan ixrac edir. Amma bizim kor tikanlar "qovurlar” tirajlamaqla sanki içlərində hansısa bir acığı çıxarmağa çalışırlar. Sizə müraciətim, gəlin mediamızın kor tikanı olmayın.