Sabir Rüstəmxanlıdan Qanunun adına etiraz: “Bizim üçün Vətən müharibəsi Qarabağ savaşıdır”.
18 Aprel, 14:41   |    Baxış sayı: 642

Sabir Rüstəmxanlıdan Qanunun adına etiraz: “Bizim üçün Vətən müharibəsi Qarabağ savaşıdır”.

Xəbər verildiyi kimi, aprelin 17-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə daxil edilən məsələlərdən biri də "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi olub. Qanun üçüncü oxunuşda deputatların müzakirəsinə verilib. Cəmiyyətdə bu qanunun adı ilə bağlı ciddi etirazlar səslənib. Milli Məclisin iclasında da deputatlar bununla bağlı fikirlərini bildirib. Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qanunun adı ilə bağlı iradlarını səsləndirib. O deyib: "Baxmayaraq ki, qanunun artıq üçüncü oxunuşudur, amma ümid ediriəm ki qanunu hazırlayanlar bu fikirləri nəzərə alaraq bir daha belə yanlışlıqlara yol verməyəcək. Bu gün Rusiya tarixşünaslığında belə bu müharibə İkinci Dünya Müharibəsi adlandırılır. Çünki bu müharibədə tərəflər yalnız Rusiya, yaxud o zamankı Sovetlər Birliyi və Almaniya deyildi. Bütün Avropa , Asiya ölkərəri, ABŞ müharibəyə cəlb olunmuşdu. Yəni bu bir Dünya müharibəsi idi və bunun adı da belə deyilməlidir. O zaman Sovet ideologiya maşını insanları ruhlandırmaq, döyüş əzmini yüksəltmək üçün bu müharibəyə Vətən müharibəsi adını vermişdi. Bu gün də bizim bunu belə adlandırmağımız həm böyük tarixi yanlışlıq, həm də yaxın dövr tariximizə sayğısızlıqdır. 1920-ci ilin 27 aprelində Rus ordusunun Azərbaycan Cumhuriyyətini işğal etməsi,, 90-cı ilin 20 yanvarında elə həmin ordunun Bakıda törətdiyi qırğınlar, Qarabağda rus ordusunun yardımı ilə ermənilərin torpaqlarımızı işğal etməsi yaddan çıxmayıb və çıxmamalıdır. Belə olan halda hansı Vətən müharibəsindən söhbət gedə bilər? Bunun adı İkinci Dünya Müharibəsidir. Bu Almaniya Rusiya müharibəsi, yaxud SSRİ-nin qərb dünyasına qarşı müharibəsi deyildi ki. Bu dünyanın faşizmə qarşı müharibəsi idi. Faşizm bir cərəyan idi və bu ideologiyanın ən böyük zərbəsi elə alman xalqına dəydi. Bu qələbə faşizm üzərində qələbə idi və bu belə adlanmalıdır. Qanun hazırlanarkən bu tarixi məqamlar, ictimai rəy nəzərə alınmalıydı. Xalq bu müharibəni vətən müharibəsi saymır. Bizim üçün vətən müharibəsi Qarabağ savaşıdır”.

 

DiasporPress.az