Rusiyadakı soydaşlarımız erməni təxribatına etiraz edirlər
07 Avqust, 17:48   |    Baxış sayı: 178

Rusiyadakı soydaşlarımız erməni təxribatına etiraz edirlər

Buna səbəb erməni separatçılarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqqında Rusiya nümayəndələri ilə birgə film çəkmək planı olub.

Diasporpress.az xəbər verir ki, akademik Fazil Qurbanovun, Moskvanin Azərbaycanlı İcmasının, Orenburq Azərbaycanlılarının Milli Konqresinin, Perm Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun və digər diaspor təşkilatlarımızın Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və Xarici İşlər Nazirliyinə ünvanladıqları çoxsaylı müraciətlərdə erməni rejissorunun təxribatının qarşısının alınması xahiş olunub: "Bizə məlum olub ki, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə erməni rejissoru Robert Defin "Valter” filmi təqdim edilib. Bu filmdə baş rolu fransız aktyoru Bibi Naseri oynayacaq. Filmdəki hadisələr Azərbaycanın əzəli ərazisi olan Qarabağ torpağında baş verir. Qarabağın işğalı BMT qətnamələri, o cümlədən Rusiya Federasiyası və bir çox ölkələr tərəfindən pislənilib”.

Müraciət müəllifləri şübhə etmirlər ki, "Valter” filmi növbəti təbliğat layihəsidir və tanınmayan "DQR”-ə, daha doğrusu erməni işğalçılarına informasiya dəstəyi göstərilməsi məqsədi güdür: "Bu layihə Rusiya və Azərbaycanın qardaş xalqları arasında düşmənlik toxumu səpməyə cəhd edən xarici qüvvələrin təxribatıdır. Bizə elə gəlir ki, bu filmin RF Mədəniyyət Nazirliyinin büdcəsindən ayrılan vəsait hesabına reallaşması erməni separatizminin, Azərbaycan ərazilərinin işğalının Rusiya Federasiyası tərəfindən dövlət səviyyəsində dəstəklənməsini nümayiş etdirir. Bu təxribatçı layihənin gerçəkləşməsinin qarşısının alınmasını xahiş edirik”.

Azərbaycanın strateji tərəfdaşı olan Rusiyanı özlərinə Vətən hesab edən, onun iqtisadi gücünün möhkəmlənməsinə töhfə verən və milli maraqlarına xidmət edən həmyerlilərimiz əmindirlər ki, Rusiya hakimiyyəti bütün sadalanan halları nəzərə alaraq, məsələnin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli və düzgün həllinə nail olacaq.
 
Diasporpress.az