Rusiyada doğum evinin qabağında qurban kəsən azərbaycanlı tapıldı - VİDEO
05 Fevral, 09:00   |    Baxış sayı: 485

Rusiyada doğum evinin qabağında qurban kəsən azərbaycanlı tapıldı - VİDEO

Ağır keçən doğuşdan sonra Vasif adlı şəxs üçüncü dəfə ata olub

Rusiyanın Surqut şəhərində doğum evinin qarşısında qoyun kəsən azərbaycanlının kimliyi bəlli olub.

Diasporpress.az-ın məlumatına görə, bu Vasif adlı Surqut sakinidir. Onun soyadı hələlik bəlli deyil. Vasifin qızı doğulub və bununla da o üçüncü dəfə ata olub.  

"O, bu barədə heç düşünməyib. Doğuş ağır olub. Sevincindən qoyunu xəstəxanaya gətirib və kəsib. Qurban kimi paylamaq istəyib. Mən onunla söhbət edib, ictimai yerdə bunun yolverilməz olduğunu izah edəndən sonra səhvini anladı, üzr istədi", deyə azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Azad Seyidov bildirib. 

İndi vasifə qarşı xuliqanlıq maddəsi ilə iş açılıb. Onu  500-1000 rubl cərimə və ya 15 sutka azadlıqdan məhrumetmə gözləyir. 

Qeyd edək ki, ana olan qadının yaxınları düz doğum evinin qarşısında qurban kəsiblər. Mərasimi qadınlar, uşaqlar, hətta doğum evinin digər sakinləri də izləyiblər. Bu isə onlara o qədər də yaxşı təsir etməyib. Mərasimin videogörüntüsü isə sosial şəbəkələrdə yayılıb və dərhal sərt reaksiyalara səbəb olub. 

Müsəlman adətlərinə uyğun olan bu görüntülər birmənalı qarşılanmayıb. Hətta müsəlman olan sakinlər belə onlarla qadının, uşağın olduğu binanın önündə, ictimai yerdə qoyun kəsilməsinə etiraz ediblər. Heyvan müdafiəçilərinin şikayətindən sonra polis qurbanı kəsən ailənin axtarışına başlamışdı.