Rotterdamda Qarabağ İdman Klubunun ofisinin açılışı olub VİDEO
02 Mart, 16:48   |    Baxış sayı: 375

Rotterdamda Qarabağ İdman Klubunun ofisinin açılışı olub VİDEO

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Qarabağ İdman Klubunun ofisinin əsaslı təmirdən sonra rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov Qarabağ adının Avropada bu cür yüksək təbliğ olunmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu bildirib.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri və Qarabağ İdman Klubunun rəhbəri Elsevər Məmmədov qeyd edib ki, Rotterdam şəhərinin mərkəzində Qarabağ adının bu səviyyədə təbliği və təşviqi müsbət addımdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aytən Tarverdiyeva dövlətimizin hər zaman soydaşlarımıza dəstək olacağını deyib. Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov diqqətə çatdırıb ki, BAK Avropada hər zaman Azərbaycanı layiqincə təbliğ edir. Qarabağ problemini hər fürsətdə gündəmdə saxlamağa çalışır.

BAK-ın sədr müavini Sima Cəfərova yeni yaradılmış "Körpə fidanlar musiqili uşaq teatr qrupu”, "Rotterdam həftə sonu məktəbinin” rəhbəri Zərifə Süleymanova isə məktəb haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Niderland və Belçika Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva və şuranın digər üzvləri BAK-ın fəaliyyətini yüksək qiymətləndiriblər və gələcəkdə birgə həyata keçirəcəkləri layihələrdən danışıblar.

Azərbaycan-Türk Kültür dərnəyinin sədri İlhan Aşkın Qarabağ İdman Klubunun açılması sevincini bölüşərək, dərnəyin Kluba hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Tədbir "Rotterdam həftə sonu məktəbinin” şagirdləri və "Körpə Fidanlar musiqili uşaq teatrının” üzvlərinin hazırladığı musiqili proqramla davam edib.