Qusarda Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yoluna asfalt vurulur
30 İyul, 12:14   |    Baxış sayı: 49

Qusarda Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yoluna asfalt vurulur

Qusarda səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun asfaltlanmasına başlanılıb.

Diasporpress.az xəbər verir ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun uzunluğu 40 kilometrdir.

Yolun Cibir–Həzrə hissəsində 6 kilometr məsafədə asfaltlanma işləri yekunlaşıb. Hazırda asfalt döşənməsi işləri yolun Həzrə- Mucuq istiqamətində aparılır. İki qatdan ibarət yeni asfalt örtüyünün eni 6 metr, qalınlığı isə 12 santimetr təşkil edir.

Mucuq və Sudur kəndlərini birləşdirən hissəsində isə hazırda yol yatağı inşa olunur. Yolun eni 10 metrə qədər genişləndirilir.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsində əmələ gələn qabarmalar, çalalar nəqliyyat vasitələrinin hərəkəti üçün çətinliklər yaradırdı.

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə həyata keçirilir. İşlərin vaxtında başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Yolun tikintisi başa çatdıqdan sonra zəruri yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Yeni tikilən yolun gələn il istifadəyə verilməsi nəzərdə tutulub.
 
Diasporpress.az