Qənirə Paşayeva Qovlar şəhərində məktəblilər üçün
13 Fevral, 13:39   |    Baxış sayı: 205

Qənirə Paşayeva Qovlar şəhərində məktəblilər üçün "Kitab günü" keçirib

Məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və jurnallar hədiyyə edən millət vəkili onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.
diasporpress.az xəbər verir ki, Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Qovlar şeher məktəblərinin kitabxanalarına təkcə çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqları onlardan istifadə etməyə çağırıb. Dövlət başçımız İlham Əliyevin və ölkəmizin 1-ci Vitse-prezidenti Mehriban Əliyevanın təhsilə və gənclərimizin savadlı olmasına verdiyi böyük önəmdən danışan millət vəkili Q.Paşayeva ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir və hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər deyib.
 
Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib və sualları cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlərini də verib. "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.
 
Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: "Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib.
 
Tədbirdə iştirak edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və şairə Çığatel İsaqızı çıxış edərək uşaqlara daha çox kitab oxumağın, mütaliənin əhəmiyyətini vurğulayıb, onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyiblər, daha sonra şairə Çığatel İsaqızı müəllifi olduğu şeirlərini səsləndirib. Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
 
Millət vəkili Q.Paşayeva uşaqları maraqlandıran sualları da cavablandırıb. Təhsildə fərqlənən şagirdlərə millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri A.Bağırova tərəfindən hədiyyələr də təqdim olunub.