Qazaxıstandakı diaspor üzvlərimiz məktəblilərə bayram sevinci yaşadıblar
08 Yanvar, 11:11   |    Baxış sayı: 541

Qazaxıstandakı diaspor üzvlərimiz məktəblilərə bayram sevinci yaşadıblar

Ölkənin paytaxtı Nur-Sultanda fəaliyyət göstərən "Xəzər" Azərbaycan Etnomədəni Mərkəzi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində məktəbliləri sevindirib.

Mərkəzin nəzdindəki həftəsonu Azərbaycan məktəbində və 26 saylı gimnaziyada bayram şənlikləri təşkil olunub. Tədbirlərdə çıxış edən "Xəzər” Azərbaycan Etnomədəni Mərkəzinin idarə heyətinin sədri Vidadi Ağayev uşaqları bayramlar münasibətilə təbrik edib, həmrəylik günü barədə onlara ətraflı məlumat verib.

Daha sonra həftəsonu Azərbaycan məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Onlar Azərbaycan dilində mahnılar ifa edib, milli rəqslər və ölkəmizin tarixindən bəhs edən səhnəciklər nümayiş etdiriblər.

Sonda məktəbin şagirdlərinə və 26 saylı gimnaziyanın çoxuşaqlı ailələrdən olan 20 şagirdinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Xəzər" Azərbaycan Etnomədəni mərkəzi 26 saylı gimnaziyanın Qəyyumluq Şurasının tərkibində təmsil olunur.