Qazaxıstan səfiri İqtisadiyyat Nazirliyində olub
03 Avqust, 20:37   |    Baxış sayı: 45

Qazaxıstan səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Beybit İsabayevi qəbul edib.

Diasporpress.az xəbər verir ki, nazir Şahin Mustafayev Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında səfir Beybit İsabayevin səmərəli fəaliyyətini qeyd edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. 

Görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib. Bildirilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, idxalın və ixracın strukturu şaxələndirilir. Qazaxıstanın Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur ki, bu da ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək. 

Azərbaycanda həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, geniş nəqliyyat-tranzit imkanları barədə məlumat verən İqtisadiyyat naziri Qazaxıstanlı sahibkarları ölkəmizdəki sənaye parklarında və məhəllələrində yaradılmış işgüzar mühitdən yararlanmağa dəvət edib. 

Ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən səfir Beybit İsabayev Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensialı vurğulayıb. 

Görüşdə iqtisadi-ticarət, sənaye, nəqliyyat-tranzit, turizm və s. sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 
 
Diasporpress.az