Qapını döyənə məcburi qayda... – Ərəblərin arasında yaşayan bakılı xanımla müsahibə
18 Fevral, 19:25   |    Baxış sayı: 693

Qapını döyənə məcburi qayda... – Ərəblərin arasında yaşayan bakılı xanımla müsahibə

Diasporpress.az teleqraf.com-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının azərbaycanlı müəllimi, şərqşünas və tədqiqatçı Şəhrizad Süleymanla müsahibəni təqdim edir.

- Şəhrizad xanım, Sizi qürbətdə yaşayan həmvətənimiz kimi sosial şəbəkədə aktiv xanım kimi tanıyırıq. Əvvəlcə oxucularımıza özünüz barədə məlumat verməyinizi xahiş edirik.

- Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Atam Tofiq Süleyman kimya üzrə professor, üzvi kimyadan bəhs edən xeyli sayda elmi-metodiki kitabların müəllifidir, anam isə riyaziyyatçıdır. Dünyaya göz açandan ailədə bir neçə müəllimin olması, meqapolis Bakının elmi, ədəbi mühiti, qonaq-qaralı evimizin əziz müsafirləri olan məşhur alimlərin müdrik və elmi söhbətləri mənim həyata baxışımın, düşüncə tərzimin formalaşmasında mühüm rol oynayıb.

Bakı şəhəri Yasamal rayonu 21 saylı orta məktəbdə təhsil almışam. 1994-cü ildə Milli Elmlər Akademiyasında çalışan atama Birləşmiş Ərəb Əmirliklərindən iş təklifi gəldi. Şarca əmirliyinə müqavilə əsasında işə dəvət olunan valideynim öncə tərəddüd etsə də, sonda təklifi dəyərləndirərək qəbul etdi. 1994-cü ilin sonlarına yaxın ailəvi Birləşmiş Ərəb Əmirliklərinə köçdük və mən həyatımın qürbət dönəminə qədəm qoydum.

Xaricı ölkə, əcnəbi dil, müxtəlif adət-ənənələr, islami qayda-qanunlar, fərqli təhsil sistemi, düşüncə tərzi... Sadaladığım bütün bu fərqliliklərə, çətinliklərə zamanla alışaraq təhsilimi davam etdirməyə başladım. 1999-cu ildə "Əl-İbda" qızlar məktəb-mədrəsəsini bitirərək Əcmən Universitetinin "İctimai əlaqələr və media" fakültəsinə daxil oldum.

Qeyd edim ki, istər mədrəsə, istərsə də, tələbəlik illərində təhsil aldığım müəssisələrdə aktiv fəaliyyətimlə fərqlənmişəm, dəfələrlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Təhsil Nazirliyinin, "Ailə və uşaq" fondunun ödülləri, fəxri fərmanları, müxtəlif diplomları ilə mükafatlandırılmışam. 2005-ci ildə Əcmən Universitetində ali təhsilimi başa vurduqdan sonra bir müddət Təhsil Nazirliyində məsləhətçi olaraq çalışdım.

2007-ci ildə Əl-Şarika televiziyasından gələn iş təklifini qəbul edərək "ədəbi-dram verilişləri" redaksiyasında çalışmağa başladım və eyni zamanda, Əbu-Dabi Universitetində magistr təhsilimi davam etdirməyə qərar verdim. 2012-ci ildən bu ali təhsil ocağının beynəlxalq əlaqələr kafedrasında çalışıram və paralel olaraq Zəyid Universitetində dərs deyirəm.

- Tamam başqa mühitə düşdüyünüzü qeyd etdiniz, bəs adaptasiya prosesi necə oldu?

- Təbii, qəlbində Vətən sevgisi olan hər bir şəxs üçün doğma diyardan ayrı düşməkdən böyük acı yoxdur. Xəzrisi, gilavarı ilə ruhu oxşayan qədim Bakıdan, mavi gözlü Xəzərdən, öz yurd-yuvamızdan, doğmalarımızdan ayrılmaq hədsiz dərəcədə ağır olsa da, bizim üçün təmamilə fərqli, islami qayda-qanunların hakim olduğu əcnəbi ölkəyə, yerli adət-ənənələrə, dini və milli dəyərləri özündə ehtiva edən həyat tərzinə uyğunlaşmaq məcburiyyətində idik.

Zaman keçdikcə bütün çətinliklərə rəğmən, qürbətin acılı-şirinli, enışli-yoxuşlu həyatına alışırdıq. İlk gəldiyimiz günlərdən ünsiyyətcil olduğum üçün qonşuluqdakı ərəb qızları, həmyaşıdlarımla dostlaşmağa başladım. Rəfiqələrim arasında yerlı qızlarla bərabər, livanlı, suriyalı, iraqlı, bəhreynli qızlar da var idi. Bu dostluqlar mənə ərəb dilinin müxtəlif ölkələrə xas dialektlərini, ləhcələrini öyrənməkdə böyük kömək oldu. Artıq zaman keçdikcə ərəb dilinin ədəbi incəlikləri məni özünə cəzb edirdi.

Mədrəsə illərindən ərəbcə ara-sıra kiçik hekayələr, sərbəst şeirlər qələmə almağa başladım. İlk oxucum ərəb dili və ədəbiyyatı müəllimim Nədə Əl-Mənsuri idi. Ərəb dilinin qrammatikasına dərindən yiyələnməyimdə sevimli müəllimim Nədə xanım əvəzsiz rol oynayıb.

- Bəs çalışdığınız universitetdə hansı ixtisası tədris edirsiniz və bu təhsil ocağında azərbaycanlı tələbələr varmı?

- Əbu-Dabi Universitetində "ictimai bilgilər"dən, Zəyid Universitetində isə, "ədəbi əlaqələr" fənnindən dərs deyirəm. Bu ali təhsil ocaqlarında tələbələrim əsasən yerli xanımlardır. Əmirliklərdə yerli qızlarla oğlanların, habelə əcnəbi vətəndaşların təhsil aldıqları tədris korpusları, universitet şəhərcikləri təmamilə ayrıdır. Azərbaycanlı tələbələrə gəldikdə, qeyd etdiyim kimi, yerli tələbələrlə çalışdığım üçün bu barədə müfəssəl məlumatım yoxdur.

- Təhsiliniz həm də media ilə əlaqəlidir. Bayaq Əl-Şarika televiziyasında çalışdığınızı vurğuladınız, jurnalist fəaliyyətinizin davamı olmadı?

- Bəli, peşəkar jurnalist fəaliyyətimə rəsmi olaraq Əl-Şarika televiziyasında çalışmaqla başlamışam. Tələbəlik illərindən yerli mətbuatla əməkdaşlıq edirəm. Müxtəlif qəzetlərdə, jurnallarda xeyli sayda publisistik məqalələrim, köşə yazılarım, ədəbi dərgi və almanaxlarda hekayələrim, esselərim işıq üzü görüb.

Ərəb dilində bir neçə kitab ("Şəhrizadın düşüncələri", "Sevgi və qadın", "Şərqin gövhəri", "Küləklər şəhəri" və s.) müəllifiyəm. "Körfəz ölkələri üzrə qadın yazarlar birliyi"nin və "Gənc jurnalistlər" təşkilatının üzvüyəm.

- Yaşadığınız ölkədə medianın durumunu necə qiymətləndirirsiniz?

- Bir çox ilklərə imza atan, dünyanın ən məşhur turizm və ticarət mərkəzlərindən biri olan Birləşmiş Ərəb Əmirlikləri öz güclü iqtisadiyyatı ilə ən zəngin müsəlman dövlətləri sırasındadır. BƏƏ-nin uğurlu iqtisadi siyasəti nəticəsində neft gəlirlərindən məqsədyönlü şəkildə istifadə edilərək, bütün sahələrə iri həcmli investisiyalar yatırılıb. Bu baxımdan neft sektoru, turizm, xarici və daxili ticarət, tikinti, nəqliyyat, rabitə, kənd təsərrüfatı ilə yanaşı, yerli medianın da inkişafına xüsusi önəm verilir.

1975-ci ildə mərhum dövlət başçısı Şeyx Zəyid Əl-Nəhiyənin sərəncamı ilə İnformasiya Nazirliyi yaradılıb. Ölkə daxilində fəaliyyət göstərən bütün televiziya, radio, mətbu orqanlar, informasiya resusrları birbaşa sözügedən nazirliyə tabedir. Ötən əsrin sonlarından Birləşmiş Ərəb Əmirliklərində medianın inkişafı ilə bağlı önəmli qərarlar qəbul edildi və əməli iş qısa zaman kəsiyində, necə deyərlər, öz bəhrəsini verdi. 2001-ci ildə BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun maddi dəstəyi ilə fəaliyyətə başlayan Madinət Dubay Lil-İeləm (Dubai Media City) hazırda Yaxın Şərqdə güclü media mərkəzlərindən biri hesab olunur. Dünyanın bir çox aparıcı tele-radio, qəzet və informasiya agentlikləri (Reuters, CNN, BBC, Bloomberg News, CNBC kimi media nəhənglərinin ərəb dili bölmələri, MBC, Al Arabiya News Channel və s.) Dubay Media City-də fəaliyyət göstərirlər.

Tele-radio, mətbu orqanlar, eləcə də, sosial mediada çalışan jurnalistlərin peşə bacarıqlarını təkmilləşdirmək məqsədilə İnformasiya Nazirliyi və Dubai Media City vaxtaşırı olaraq müxtəlif səpkili təcrübə proqramları təşkil edirlər. Proqramlara qatılan jurnalistlər xarici ölkələrə səfərlər edərək, dünyanın aparıcı televiziyalarında, media qurumlarında təcrübə keçirlər.

- Ərəblərlə bağlı Azərbaycanda fikirlər birmənalı deyil. Ərəbistanda uzun zamandır yaşayan və ərəblərlə əlaqədə olan bir şəxs kimi onları necə xarakterizə edərdiniz?

- Fərqli coğrafi ərazilərdə yerləşən və hələ qədim zamanlardan dünya sivilizasiyasına öz tarixi, elmi, tibbi kəşfləri ilə töhfələr verən, uzun əsrlərdir milli-mənəvi dəyərlərinə sadiq qalan, mədəniyyətləri maraq doğuran bir çox ərəb ölkələrində səfərlərdə olmuşam. Müxtəlif ərəb ölkələrində xeyli sayda dostlarım, yaxın rəfiqələrim var və səfərlərim zamanı yerli ərəblərlə daima ünsiyyətdə oluram. İbrətamiz məsəldə deyildiyi kimi, hər yerin yaxşısı da var, pisi də. Bəzi xırda nüanslara baxmayaraq, ərəblərə qarşı ümumi münasibətim müsbətdir. Ərəblərdən söz düşmüşkən, istərdim sizə yaşadığım ölkənin adət-ənələri haqqında məlumat verim.

- Buyurun.

- Müqəddəs günlərdə bayramlaşmalar, kasıb zümrəyə sədəqə vermək – qeyd edim ki, yerli vətəndaşların yaşayış tərzi yüksək səviyyədə olduğu üçün pul sədəqəsi, adətən, başqa ölkələrdən gəlmə fəqir-füqəraya verilir – valideynlərə, yaşlı insanlara, ahıllara, körpə uşaqlara, xanımlara, əlillərə məxsusi hörmət və kömək, gələn qonağa iltifat, cümə günlərində xeyli sayda ailələrin birlikdə naharı, nəmərsiz toy-düyün, xeyir-şərdə bütün qəbilə, tayfa üzvlərinin yığışaraq hamılıqla iştirakı yerli əhaliyə xas adətlərdəndir.

Əgər siz istənilən yerli ərəbin qapısını döysəniz, ev sahibi qərib müsafiri çay, ərəb qəhvəsi, şirniyyat süfrəsinə məcburi dəvət edəcək və ləziz ərəb təamları ilə ikramlandıracaq. Yerli ərəb xanımlarının da özlərinə xas müsbət cəhətləri var. Qeybət etmək İslam dinində ən böyük günah sayıldığı üçün yerli xanımlar dedi-qodu, fitnə-fəsaddan demək olar ki, uzaq qaçırlar.

- Xanımlardan söz düşmüşkən, ərəb rəfiqələrinizə hansı milli yemək və musiqilərimizi tövsiyə edirsiniz?

- Ərəb rəfiqələrim milli yeməklərimizi hədsiz dərəcədə bəyənirlər. Adətən, həftə sonları tələbələrimi, yaxın dostlarımı milli mətbəximizdə hazırlanan ləziz təamlara qonaq edirəm. Onların ən çox xoşlarına gələn yarpaq dolması, piti, küftə, qurutlu xəngəl, çığırtma plov, üç bacı dediyimiz pomidor, badımcan, bibər dolması və "şoraba əbyad" (ağ şorba) adlandırdıqları dovğadır.

Dovğanın hazırlanma qaydası, qatığın göyərtilərlə bərabər isti ocaqda bişmə üsulu ərəb rəfiqələrimə çox qəribə gəlir. Onu da qeyd edim ki, yarpaq dolması ərəb - İraq, Suriya, Misir, İordaniya mətbəxinin dadlı yeməklərindən sayılır və tarixi Osmanlı dönəminə qədər gedib çıxır. Lakin bizim dolmadan fərqli olaraq, ərəb dolmasının dadı turşməzə, düyüsü çox olur və adətən, soyuq şəkildə süfrəyə verilir. Ərəblər özləri də etiraf edirlər ki, Azərbaycan dolmasının dadına heç bir ölkənin dolması çata bilməz.

Bizim mətbəximiz həqiqətən dünyada ən ləziz və dadlı mətbəxdir.

Mlli musiqilərimizə gəlincə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arazbarı" simfonik muğamını, "Sənsiz" romansını, Fikrət Əmirovun "Kürd-Ovşarı", "Qarabağ inciləri"ni, Soltan Hacıbəyovun "Karvan" süitasını, həzin səsli xanəndəmiz Fatma Mehrəliyevanın ifasında "Azərbaycan maralı"nı, mərhum müğənnimiz Xeyransa Məmmədovanın hələ gənc ikən səsləndirdiyi "Ana Kür" mahnısını hədsiz dərəcədə bəyənirlər.

Ərəb rəfiqələrim və tələbələrim korifey sənətkarlarımızın ifalarında səsləndirilən ərəbcə mahnıları da dinləməyi çox xoşlayırlar. Şövkət Ələkbərovanın "Bintil Şələbiyyə"sini, Rəşid Behbudovun ifasında "Mustafa, ya Mustafa", Sara Qədimovanın "Te-ul lə"sini dinləyənlər sözün həqiqi mənasında, insan ruhunu riqqətə gətirən gözəl musiqinin, ecazkar səsin sehrinə düşürlər.

Yeri gəlmişkən, mənimlə Azərbaycana gələn tələbələrimi, rəfiqələrimi, həmkarlarımı tarixi məkanlarımıza, məşhur incəsənət xadimlərimizin, dahi şair və yazıçılarımızın ev-muzeylərinə aparıram. Çalışıram ki, qədim tariximiz, mədəniyyətimiz barədə ünsiyyətdə olduğum əcnəbilərə ətraflı məlumat verim.

- Sonuncu dəfə nə vaxt Bakıda olmusunuz?

- Bakıya son səfərim ötən ilin noyabr ayına təsadüf edib. İmkan düşən kimi, böyük məmnuniyyətlə, əziz şəhərimi, mehriban diyarımı ziyarətə gəlirəm. Gərgin iş həyatı, elmi ezamiyyətlər çox vaxt insanı yorur. Mənəvi və cismani yorğunluğun ən gözəl əlacı zənnimcə, müqəddəs qibləgah olan Vətəni ziyarət etməkdir. Doğma yurdun havası, suyu, bərəkətli torpağı, füsunkar təbiəti, səmimi, müsafirpərvər və alicənab insanları ilə ünsiyyət qərib ruhumu oxşayır.

- Fotolarınızın çoxunda başınızda örpək var. Geyim tərziniz yaşadığınız ölkəyə uyğun olaraq dəyişib?

- BƏƏ şəriət qanunları ilə idarə olunan müsəlman dövləti olduğu üçün bu ölkədə islami qaydalar, dini dəyərlər hakimi-mütləqdir. Məhz bu səbəbdən orta məktəblərdə, mədrəsələrdə qızlar üçün "şilə" adlanan baş örtüyü və "maryul" adlanan məktəbli forması məcburidir. Mədrəsəyə getdiyim ilk gündən istifadə etdiyim "şilə" (baş örtüyü), tələbəlik illərindən BƏƏ-nin milli qadın əlbisəsi və üst geyimi sayılan "əba", "fsus"la (xırda daş-qaşlarla) işlənən, müxtəlif naxışlı ornamentlərlə bəzədilən "cəlləbiyə" adlanan ərəb paltarı gündəlik qarderobumun vazgeçilməz geyimləridir.

Onu da qeyd edim ki, yaşadığım ölkədə istər orta məktəb, istərsə də, ali təhsil müəssisələrində çalışan müəllimlərin, hətta əcnəbi vətəndaş olsa belə iş vaxtı geyimlərinə, habelə davranışlarına Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Əxlaq Komitəsi nəzarət edir. BƏƏ qanunlarına görə, bu ölkədə yaşayan hər bir əcnəbi dilindən, dinindən, siyasi, ictimai baxışlarından asılı olmayaraq milli-mənəvi və dini dəyərlərə hörmət etməlidir.

- Bu il bildiyiniz kimi Azərbaycanda "Nəsimi ili” elan olunub, bununla bağlı hansısa tədbir təşkil etməyi düşünürsünüz?

- "Ənəl-həqq" deyərək həqiqət yolundan, öz əqidəsindən dönməyən, ərəb, fars, Azərbaycan dillərində lisani-dühası ilə qiymətli əsərlər yaradan, "Bələd-i Şam"da, Yaxın Şərq ölkələrində "məşhuri-dövran" olan, milli ədəbiyyatımızda anadilli fəlsəfi şeirin banisi, ədəbi-bədii dilin, eyni zamanda, klassik türk poeziyasının təkmilləşməsində müstəsna rol oynayan, sözün həqiqi mənasında, "kövnü məkanə", "cümlə cahanü kainatə", " dəhrü zamana" sığmayan İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi müqtədir şairə, "ustadi-kəlama" verilən misilsiz dəyərin, dərin ehtiramın ali göstəricisidir.

Klassik Şərq poeziyasında "Məlik əl-şüara" adlandırılan Seyid Nəsiminin zəngin ədəbi irsi bir çox dünya alimlərinin, eləcə də, ərəb ədəbiyyatşünaslarının daima diqqətini cəlb edib. Təsadüfi deyil ki, mütəfəkkir-şairin həyat və yaradıcılığını tədqiq edən bir çox ərəb tarixçiləri və tənqidçiləri elmi-ədəbi, tarixi əsərlərində cahanşümül söz ustadını məhz Azərbaycan şairi kimi təqdim edirlər.

Ərəb, fars, klassik ədəbi dilimizi dərindən bilən və qüdrətli şairin fəlsəfi poetikasının sehrinə düşən sanki, sonsuz bir ümmana qədəm qoyur. O, mübhəmlərlə dolu mənbəi-mövtü həyatdır, əsrarəngiz qövsü-qüzeh, gözəllikdir, ruhi-rəvan ilə sevən aşiqi-sadiq, müştəqi-məcnundur, ucsuz-bucaqsız kainat, şəmsivü-bədrdir, haqq yolunda mücadilə aparan cəsuri-qəhrəmandır, ali məqama ucalan kamil insan, gövhəri-kani-vəhdətdir. Seyid Nəsimi şeiriyyətinin vurğunu olan bir şəxs kimi müqtədir şairlə bağlı xeyli sayda ərəb mənbələri ilə yaxından tanış olmuşam.

Dahi filosof şairimizin zəngin bəşəri irsi müxtəlif xalqlar, ümmətlər arasında mədəni, tarixi əlaqələrin və fikir vəhdətinin yaranmasında mühüm rol oynayır. Yaradıcılığı "bəhril-əsrar", özü isə, "sərrafi-kəlami-ustad" olan qüdrətli şairimiz nəinki Azərbaycanda, eyni zamanda ölkə hüdudlarından kənarda da təbliğ olunmalıdır. Bu baxımdan, "Nəsimi ili" çərçivəsində çalışdığım ali təhsil ocağında müəllim və tələbə heyəti ilə birgə "Nəsimi şair il-məftun bil-insən" (Nəsimi - insana məftun olan şair) adlı elmi konfrans keçirmək niyyətindəyəm. Yaxın zamanlarda keçirilməsi planlaşdırılan bu konfrans düşünürəm ki, "Nəsimi ili"nə və müqtədir şairimizin zəngin ədəbi irsinin xarici ölkədə təbliğinə bir töhfə olar.

- Sonda oxucularımıza sözünüz?

- Əvvəla maraqlı müsahibə üçün sizə və Teleqraf.com saytına öz dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, qürbətdə yaşayan ziyalı azərbaycanlıları daima diqqətdə saxlayır, həyat və fəaliyyətini işıqlandırırsınız. Sizlərə bu nurlu amal yolunda bol uğurlar, sözə, qələmə dəyər verən oxucularınıza isə, fərəh dolu günlər arzulayıram.