Parlamentdə diaspor müzakirələri: Görülən işlər təqdir olundu
19 Noyabr, 15:05   |    Baxış sayı: 128

Parlamentdə diaspor müzakirələri: Görülən işlər təqdir olundu

Milli Məclis bu gün Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda müzakirəyə çıxarıb.  

Diasporpress.az-ın məlumatına görə, iclasda çıxış edən Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib ki, bu məsələnin mərhum prezident Heydər Əliyevin anım günü ərəfəsində müzakirəyə çıxarılması həm də rəmzi məna daşıyır. Komitə rəhbəri mərhum prezidentin səfər etdiyi ölkələrdə bir qayda olaraq diaspora nümayəndələrimizlə görüşlər keçirdiyi, onların qayğıları, gördüyü işlərlə maraqlandığını xatırladıb.

Daha sonra R.Hüseynov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirib. Deyib ki, F.Muradov Dövlət Komitəsinin sədri vəzifəsinə başlayandan sonra adıçəkilən qurumun, Azərbaycan diasporasının fəaliyyətində böyük dönüş hiss olunmaqdadır.


O, "bizim keçmiş həmkarımız, komitənin hazırkı sədri Fuad Muradovun fəaliyyəti nəticəsində diasporadakı problemlər aradan qalxmaqdadır”, - deyə bildirib.

R.Hüseynovun sözlərinə görə, ən əsası diaspora təşkilatları və təmsilçiləri arasında ikitirəliklər, soyuqluqlar aradan qalxmaqdadır.


Ardınca R.Hüseynov qanun layihəsi ilə bağlı qeydini də çatdırıb: "Bir müddət öncə AXC-nin 100 illiyi medalının nə qədər ruh yüksəkliyi yaratdığını müşahidə edirdim. Diaspora medalının da ruh yüksəkliyinə səbəb olacağına əminəm. Elə məsələlər var ki, mütləq vurğulanmalıdır”.

R.Hüseynov "diaspor” sözü ilə bağlı da təklif səsləndirib:


"Diaspor deyilən söz yoxdur, diaspora var. Bunu ruslar da, ingilislər də, digərləri də diaspora olaraq qeyd edirlər. Bəli, diaspor sözü var, amma o, kimyəvi elementlərlə məşğul olur. Odur ki, bu yanlışlığa son qopyulmalıdır. Medalın adında da, dövlət komitəsinin adında da bütün dünyanın qəbul etdiyi kimi, diaspor yox, diaspora yazılmalıdır”.


Qısa müzakirələrdən sonra qanunn layihəsi ikinci oxunuşda qəbul edilib. (Modern.az)

 

Diasporpress.az