Niderland və Belçikadakı diaspor rəhbərləri ilə videokonfrans təşkil olunub
04 May, 14:14   |    Baxış sayı: 508

Niderland və Belçikadakı diaspor rəhbərləri ilə videokonfrans təşkil olunub

Diasporla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan diasporunun rəhbərləri və üzvlərinin videokonfransları davam edir. Növbəti belə bir konfrans Niderland və Belçika Krallıqlarında fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə keçirilib.

Virtual konfransa Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri, "Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva və Euro.Az.Nl şirkətinin rəhbəri Emil Əliyev, Holland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov, Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri İlkin Hüseynzadə və Dövlət Komitəsinin əməkdaşları qatılıblar.

Müzakirələr zamanı COVID-19 pandemiyası ilə əlaqədar həmvətənlərimizin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görülən işlər barədə məlumat verilib. Diaspor rəhbərləri yaranmış mövcud durumda Dövlət Komitəsinin fəaliyyətini yüksək dəyərləndiriblər. Ehtiyacı olan həmvətənlərimizə nümayiş etdirdiyi diqqət və qayğıya, hazırda Belçika Krallığında yaşayan 3 tələbəyə göstərilən maddi dəstəyə görə Azərbaycan dövlətinə və Dövlət Komitəsinə minnətdarlıq ifadə edilib.

Daha sonra Holland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının təşəbbüsü ilə Haaqa şəhərinin "Nieuw Eykeyduynen” qəbristanlığında ucaldılmış Xocalı soyqırımı abidəsinin yerinin dəyişdirildiyi barədə məlumat verilib. Abidənin qəbristanlığın giriş hissəsində yerləşən böyük sahəyə - mərasim zalının qarşısına köçürüldüyünə, həmin ərazidə geniş abadlıq işlərinin görülməsinin nəzərdə tutulduğuna diqqət cəlb edilib. Videokonfrans iştirakçıları mövcud karantin durumuna, eləcə də, barəsində verilmiş məlum məhkəmə qərarına baxmayaraq, İlhan Aşkının göstərdiyi bu təşəbbüsü təqdirəlayıq addım kimi qiymətləndiriblər.

Görüş zamanı xaricdə yaşayan soydaşlarımızın dəstəyi ilə aztəminatlı ailələrə, ahıl və əlil sakinlərə yardım göstərildiyi, sosial təcrid müddətində yardım kampaniyasının davam etdirildiyi, bütün dünyanın qarşılaşdığı çətin dönəmdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin koronavirus təhlükəsinə qarşı birgə mübarizə aparmasının vacibliyindən ətraflı danışılıb.

Daha sonra postpandemiya dövründə fəaliyyət istiqamətləri və tədbirlər barədə fikir mübadiləsi aparılıb, videokonfransların davamlı olaraq keçirilməsinin məqsədəuygun olduğu qeyd edilib.
 DiasporPress.az