Nadürüst söyüşçülərin üfunət qoxulu çıxışları…
03 May, 14:30   |    Baxış sayı: 431

Nadürüst söyüşçülərin üfunət qoxulu çıxışları…

"Cavid Qurbanova da atılan daşlar sonucda daş atanın ya öz başına, ya da gələcək nəslinin başına dəyəcək”
"Anası, atası, həyat yoldaşı, bacısı, qızı olan şümür köpəyoğlu belə sözləri kiməsə rəva görərmi?”
Dostlar, son bir neçə ildə bir neçə özəl telekanal adlandırılan kanallardan Azərbaycan dilində bəlkə də, bəşər tarixinin başlanğıcından çağdaş günümüzədək cəmiyyət içində dilə gətiriləsi mümkün olmayan söyüşləri sanki anasının südüylə qazanmış bəzi zatlar millətin üzünə üfürə-üfürə üfunət püskürdülür. Milli-mənəvi dəyərlərimizə tüpürərək, ailə-məişət, ağsaqqal-qarasaqqal meyarlarını ayaqlar altına alıb idbar söyüş-təhqir ritorikasını sanki milli mentalitet səviyyəsinə qaldıran bu tiplər anlamırlar ki, belə söyüşlərin ömrü çooox qısa olur və az keçməmiş bu ritorika bumeranq kimi sahibinin üzünə çırpılır…Heç vaxt belə nadürüst söyüşçülərin üfunət qoxulu əxlaqdankənar çıxışlarına baxmamışam. Amma bu günlərdə Kəlbəcərin bir çox ləyaqətli və təəssübkeş övladlarının həmin o söyüşçülərə-bəli, məhz söyüşçülərə-kəskin reaksiyalarını görəndən sonra bir-iki yaramaz, cəmiyyət üçün ictimai təhlükəli tipin insan leksikonunu murdarlayan qarayaxmalarına baxdım və dəhşətə gəldim. Məgər ata-analarınız sizlərə belə danışıq tonu, belə əxlaq(əslində, əxlaqsızlıq) təlqin ediblər? Anası, atası, həyat yoldaşı, bacısı, qızı olan şümür köpəyoğlu belə sözləri kiməsə rəva görərmi?! Görərsə, ilk növbədə öz yaxınlarına görsün və sonra kiməsə ünvanlasın. Ayıbdır vallah! Göylərdən bütün dünyanın başına ələnib bəşəriyyəti zəlil günə salan bu koronaviruslu günlər də ayıltmadımı sizi, bədbəxtlər?..
Bayaq hallandırdığım bir qrup kəlbəcərlinin narahatçılığı əbəs deyilmiş. Nəslinə-nəcabətinə ağlım kəsəndən bələd olduğum, ata-babası, cavanlığından özü kəlbəcərlilərə örnək olan Cavid Qənbər oğlu Qurbanova atılan çamurlara hətta Cavid müəllimlə isti münasibəti belə olmayan bir neçə müstəqil düşüncəli, obyektiv mövqeyi olan kəlbəcərli ziyalıların bu nadürüstlərə od püskürməsini məmnunlq hissi ilə təqdir elədim və soydaş təəssübkeşliklərinə görə minnətdarlığımı bu kiçik statusumdan ərz edirəm. Cavid Qurbanov imanlı ağsaqqal bir atanın, gözəl əxlaq sahibi inanclı bir ananın övladı olmaq mənsubluğundan çoxdan ayrılıb bütöv bir qədim Kəlbəcər mahalının ləyaqətli oğlu statusunu qazanmış bir azərbaycanlıdır! Lap gənclik illərindən yaxından tanıdığım üçün inamla deyirəm ki, elin-obanın çox dəyərli bir ziyalısı, dövlətin etibarlı və sədaqətli, bacarıqlı məmurudur! Göy üzü daş saxlamadığı kimi, Cavid Qurbanova da atılan daşlar sonucda daş atanın ya öz başına, ya da gələcək nəslinin başına dəyəcək. Kəlbəcərin ən ağır günlərində, hətta heç Kəlbəcərə aid olmayan dövrlərdə də Cavidin hər zaman Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin yanında olmasının əyani şahidiyəm! 1992-ci ildə Goranboy döyüşlərində əsl qəhrəmanlıq nümunəsi göstərib ermənilərə qan udduran komandir qardaşım-sonralar Murovun zirvəsini qanı bahasına düşməndən azad edən şəhid Mahir bir gecəlik Bakıya gəlib tanklar, ZTR-lər və digər hərbi texnika üçün akkumulyator və digər ehtiyat hissələri axtaranda ilk yadıma düşən o vaxtlar Kənd Təsərrüfatı Nazirliyinin avtobazasını rəisi işləyən Cavid düşdü və zəng edib Mahirin nəyə ehtiyacı olduğunu dedim. Həmən cavab verdi ki, Mahiri təcili yanıma göndər. Bir neçə saat ərzində bir yük maşını hərbi sursatla doldurub Mahiri yola salmışdı. Kəlbəcərin ən ağır günlərindən bugünədək çox az kəlbəcərli ailə olub ki, onun maddi və mənəvi dəstəyini hiss etməsin. Ona görə də, qədirbilən və təəssübkeş kəlbəcərlilər, sərsəm fikirlilərə baş qoşmayın, yel qayadan aparacaq nəsə yoxdur! Vaxtınızı və əsəbinizi əxlaqsızlara qurban verməyin.
 
Əlövsət Ağalarov,
Keçmiş millət vəkili, "Azərnəşr”in baş redaktoru