“Müstəqil vətənin memarı” filminin təqdimatı keçirildi
31 İyul, 10:53   |    Baxış sayı: 121

“Müstəqil vətənin memarı” filminin təqdimatı keçirildi

Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş "Müstəqil vətənin memarı” filminin təqdimatı keçirilib.

Diasporpress.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin ərsəyə gətirdiyi filmin təqdimat mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu il Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunur.

Ə.Qarayev bildirib ki, 50 il əvvəl Ümummilli lider Azərbaycanın rəhbəri seçilib: "O vaxtdan Azərbaycan xalqının tarixində yeni dövr başladı. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin daha da böyük olduğunu görəcəyik. Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol misilsizdir. Hər hansı sahəyə baxsaq, orada Heydər Əliyevin izini görürük. Heydər Əliyevin bu böyüklüyü yaradıcı insanlara da böyük ilham verir. Çünki Heydər Əliyev bir obraz olaraq çox cəlbedicidir”.

Mədəniyyət naziri bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın inkişafına, rifahına xidmət edir. Heydər Əliyev siyasəti nəticəsində formalaşmış mədəniyyət xadimləri ordusu bu gün də diqqət və qayğı ilə əhatə olunub”.
Əbülfəs Qarayev qeyd edib ki, avqustun 2-də Kino Günü qeyd olunacaq: "Məhz Kino Günü ərəfəsində bu filmi təqdim etməyə qərar verdik. Bu filmin müəllifi əməkdar mədəniyyət işçisi, İrəvan Teatrının rəhbəri İftixar Piriyevdir. Filmə baxanda düşünün ki, 50 il əvvəl Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nə olacaqdı?! Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycanın qurucusudur”.

Daha sonra "Müstəqil vətənin memarı” filmi nümayiş etdirilib. Film Heydər Əliyevin uşaqlıq illərindən ömrünün sonlarına qədər dövrdən bəhs edir. Filmdə Heydər Əliyev bir insan, gənc, ailə başçısı, xalqına böyük məhəbbəti olan Ümummilli lider kimi təcəssüm olunur.
 
Diasporpress.az