Millət vəkilindən Metropoliten rəisinə irad:
10 May, 20:25   |    Baxış sayı: 954

Millət vəkilindən Metropoliten rəisinə irad: "Dilini anlamaqda xeyli çətinlik çəkdim..."

Mən kimsənin dil bilgisi, hansı dildə səlis və ya ortabab danışması üzərində marağımı çox da cəmləmirəm. Əlbəttə, xarici dil bilgisi çox önəmlidir, başqa auditoriyada düşüncələrinin sağlam şəkildə çatdırılması yüksək məziyyətdir. Lakin həmişə o düşüncədə olmuşam ki, gərək bəlli bir fikir, sağlam bir təfəkkür ola ki, onun məhsulunu başqalarına çatdırasan. Biz yüksək standartlara cavab verməyən mallarımızı Avropa Birliyi ölkələrinə satış üçün ixrac edə bilmirik, daha çox Rusiya və digər MDB ölkələrinin bazarlarına daşımağa çalışırıq. Kitab, elmi məqalə, musiqi, sənət və başqa qəbildən olan düşüncə məhsullarının da teleyinə bu cür baxmalıyıq. Yüksək tələbi ödəməyəcəksə, o halda kiməsə tanınmış Azərbaycan alimi, tanınmış Azərbaycan yazıçısı, tanınmış Azərbaycan mədəniyyət xadimi deyibən öz içimizdə təsəlli ilə girələnəcəyik. Elm sferasında böyük əksəriyyət bir-birindən köçürərək, bir-birindən oğurlayaraq, bəzi hallarda isə bir yetimin gizli ödənişlə yazdıqlarından bəhrələnərək onlarla kitablar, dissertasiyalar səmənisini titullar diplomları ilə bəzəyərək statistikamıza çox əhəmiyyətli töfhələr vermişlər. Əksər elmi əsərlərdə görsəniz ki, sıralama ilə üç nəfərin adı var, tövsiyə edirəm ki, gerçək müəllif olaraq ən sonuncuya diqqət yetirin, ya laborant olacaq, ya da uzun illər başını aşağı salıb öz işini vicdanla görən yoxsul, adamsız bir müəllim. Əgər kitabın bir müəllifi varsa, o halda içindəki redaktora və ya intuisiya ilə həmin sahənin alt qatlardakı mütəxəssislərindən birinə diqqətinizi yönələ bilərsiniz. Bunlar hamının bildiyi problemlər olduğundan əsas mətləb üzərinə gəlmək istəyirəm. Bizdə Azərbaycan dilində fikrini ifadə etmək məsələsində ən çox ittihama məruz qalan xarici işlər nazirimiz olub. Ardınca bir çox məmurların da, ictimai xadimlərin də öz fikrini dövlət dilimizdə çatdırmasında problemlər ortaya çıxır. Şəxsən mən, ötən gün bizim yeraltı dünyamızın, yəni metromuzun şefinin mətbuat konfransında təqdim etdiyi Azərbaycan dilini anlamaqda xeyli çətinlik çəkdim. İnanın ki, mən ana dili üzərindən aparılan qaralama və ya aşağılama kampaniyasının qətiyyən tərəfdarlarından deyiləm, hətta bir çox hallarda rusdilli aydınlar, yaxud ingilisdilli aydınlar içərisində Vətənə səmimi bağlılığın daha çox detallarını müşahidə edirəm. Və onların düşüncə məhsullarından öz dilimizdə yazanlardan daha çox faydalanıram. Anlaşılandır, adam elə bir mühitə düşüb ki, vaxtında öyrənə bilməyib, indi də yaşlaşdıqca bunun əziyyətinə qatlaşa bilmir. Əslində mənim də xarici dil öyrənmə sahəsində qabiliyyətim aşağı olduğuna görə bu mövzuda hamıdan çox özümü danladığımı söyləyə bilərəm. Maraqlıdır ki, hər bir qurumun öz mətbuat xidməti var, bu xidmətə ən hazırlıqlı dil bilgisi olan mütəxəssislər götürsələr belə, qarşılarına tələb qoymaq olmaz ki, öz rəisinizin və ya nazirinizin Moltanı Azərbaycan dilində səsləndirdikləri fikirləri Ədəbi Azərbaycan dilinə tərcümə edin! Ola bilsin ki, bu insanlar yaxşı mütəxəssidirlər, Azərbaycan dilini yaxşı bilməsələr də rus və ingilis dillərində fikirlərini çox rahat ifadə edə bilirlər, dilimizi təhrif etməkdənsə, dövlət dilini əsaslı şəkildə öyrənənə qədər ən azı mətbuat konfranslarında bu dillərdə danışsınlar və fikirləri dəqiq tərcümə olunsun. Bu, əlbəttə çox sayda məmura aid məsələ deyil, ancaq bütün hallarda Azərbaycanda yüksək mövqe tutmaq istəyənlərin indidən bu dili fikrini rahat izah edəcək səviyyədə öyrənməsi vacibdir.

Fazil Mustafa, Millət vəkili