“Mənə ən gözəl təbrikləri hər zaman Tənzilə xanım yazır” - Sabir Rüstəmxanlı ilə ad günü söhbəti FOTOLAR
21 May, 10:25   |    Baxış sayı: 135

“Mənə ən gözəl təbrikləri hər zaman Tənzilə xanım yazır” - Sabir Rüstəmxanlı ilə ad günü söhbəti FOTOLAR

"Yaş artdıqca adam doğum gününün yanından keçib getmək istəyir, həmin günün unudulmasını istəyir”

Mayın 20-də xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının ad günüdü. Musavat.com olaraq xalq şairi ilə doğum günü təəssüratları, yaradıcılıq arzuları, gündəmdəki siyasi mövzular və sair ətrafında söhbət etdik. 

- Sabir bəy, ilk növbədə sizi təbrik edir, sağlamlıq və yaradıcılıq uğurları arzulayırıq. Ad gününüzü necə  qeyd etdiniz, yeni yaşa addımlayarkən hansı hisslər keçirirsiniz?

- Təbrik üçün çox təşəkkür edirəm. Düzünü deyim ki, yaş artdıqca adam doğum gününün yanından keçib getmək istəyir. İnsan həmin günün unudulmasını istəyir, istəmirsən ki, dostların, yaxınların da xatırlasın. İstəyirsən, kimsə yada salmasın. Bu mənim səmimi sözümdür. Mən bir vərdiş olaraq hər 5 ildən bir özümə sevənlərimə, oxucularıma bir yaradıcılıq hesabatı verirəm. Bu neçə ildir ki, belədir. 50 yaşımdan bəri hər 5 ildən bir Azərbaycan Milli Dram Teatrında tədbir keçirirəm. Həmişə də çox ciddi maraq doğurub, salon dolu olub, insanların oturması üçün yer olmayıb. O hesabat 5-6 ilin rahatlığı üçün bəs edir, ad günü keçirmək insanın yadına düşmür. Lakin buna baxmayaraq, uşaqlar, ailə, dostlar unutmağa imkan vermirlər. Hətta bir-iki dəfə həmin günlərdə Bakıdan qaçıb Şamaxıya, Yardımlıya dağa getmişəm. Sonra görmüşəm ki, uşaqlar da yığışıb ardımca gəliblər. Ona görə də, qayıtmağa məcbur olmuşam. Bu il də çalışıram ki, ailəmlə, uşaqlarımla, yaxınlarımla qeyd edim.

5.jpg (22 KB)

- Bu gün ən maraqlı, yadda qalan təbriki kimdən aldınız? İlk təbrik edən kim oldu?

- Bütün təbriklər gözəldir. O qədər ürək sözləri yazılar ki... Hamıya minnətdaram. Bəzilərinə tək-tək cavab verməyə çalışıram, qalanlarına birlikdə təşəkkür edəcəm. Bütün təbriklər gözəldir, ən ucqar, ən uzaq yerlərdən təbriklər almışam. Vətəndaş Həmrəyliyi Partiyasından öz işçilərimiz də toplaşmışdılar, çay süfrəsi ətrafında söhbət elədik. Hamısı yadda qalandır. Mənim üçün çox xoş olur ki, gecə saat 12-də övladlarım sıraya düzülürlər ki, ayın 20-nə keçən dəqiqələrdə birinci kim təbrik edəcək. O cəhətdən ailədən təbrik almaq çox gözəldir.

Mənim üçün ən gözəl təbrikləri hər zaman Tənzilə xanım yazır. Ən içdən, ən ürəkli təbrikləri o yazır... Ancaq  başqa dostlarımın, yoldaşlarımın təbrikləri də dəyərlidir. O cəhətdən bəxtim gətirib. Təbriklərin coğrafiyası da məni heyrətə salır, İndoneziyadan Hindistandan başlamış Avropaya qədər hər yerdən təbrik alıram.

- Sabir bəy, yaradıcılıq sahəsində vəziyyət necədir? Nələr yazırsınız?

"Qarabağ məsələsini təşkilatlararası məsələlərə qurban vermək doğru olmazdı”

 

- Şübhəsiz ki, bizim üçün yaradıcılıq olmayan gün itirilmiş gün sayılır. Son vaxtlar mən bütün görüşlərdən, dəvətlərdən, dost məclislərindən qaçıb tək qalanda, yazılarımla baş-başa qalanda daha xoşbəxt oluram. Çünki ən azı özümə verəcəyim cavablar var. Proqram demək istəməzdim, ancaq hədəflərim var. Onları etməyə çalışıram. Ona görə də, çox məşğulam. Elə gün olur ki, 14-15 saat kompüter arxasından durmuram. O da sonradan bəlaya çevrilir, bir neçə ay boynumun ağrısından əziyyət çəkdim. Çətinliklə onu müalicə etdim. Ancaq indi yenə kompüterin qarşısından dura bilmirəm.

- Ömrünüzün 25 ilini deputat olaraq keçirmisiniz. Növbəti seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi?

- Seçkilər gəlib çatanda o barədə düşünərik. Əslində elə bu günlərdə harasa gedirəmsə, insanların çoxu bilmir ki, mən deputat deyiləm. Bir də görürsən sosial mediada deputatlıqla bağlı tənələr yazırlar. Bir neçə gün öncə, sosial şəbəkədə yazmışam ki, atası uşağın topunu vurdu, gedib çinar ağacının budaqlarına ilişdi. Çox ucada olduğu üçün nə qədər çalışdıqsa, düşürə bilmədik. Haradansa iki qarğa peyda oldu, gəlib topu dimdiklədilər, bir yerdə köməkləşib topu oradan düşürdülər. Heç sonradan mən o sahildə qarğa görmədim. Bu statusumun altında biri şərh yazıb ki, deputatların uşaqlarına da qarğalar daha hörmətlə yanaşır. Ya da yazırlar ki, indi dediyinizi niyə deputat olanda demirdiniz. Axı mənim 25 illik fəaliyyətimi izləməyiblər. Mən indi onların hamısını çıxarıb hazırlayıram. Bu müddət ərzində dediyim sözlər, çıxışlarım olub, bu gün müzakirə olunan elə bir məsələ yoxdur ki, onu biz həmin illərdə müzakirə etməyək. Televiziyalar bunu vermir deyə , o demək deyil ki, biz o sözləri deməmişik. Tarix üçün, özümüzün mənəvi rahatlığımız üçün həmin çıxışları yığıb kitab kimi çap etdirəcəm.

- Sabir bəy, bu günlərdə siyasi arenada bir çox yeni təşkilatlar, Azərbaycan Xalq Hərəkatı, Qarabağ Komitəsi yaradıldı. Sizin də bu birliklərdə iştirakınız gözlənilirdi. Siyasətdən kənarlaşmısınızmı?

44.jpg (52 KB)

- Əvvəla, mən Vətəndaş Həmrəyliyi Partiyasının sədriyəm. Bu mənə siyasətdən uzaqlaşmaq imkanı vermir. İkincisi, bu gün cəmiyyətdə gedən proseslər məni çox narahat edir, üzür. Biz müharibədə məğlubiyyətə uğramışıq, torpağımızı itirmişik, problemlərimiz var. Adətən, hər hansı idman yarışında belə iki tərəfdən biri uduzursa, uduzan gedir revanş götürmək üçün gecə-gündüz hazırlaşır və meydana qayıdır. Bu gün biz elə bir durumdayıq ki, bütün inciklikləri, söz-söhbəti, qarşılıqlı ittihamları – hamısını bir kənara qoymalıyıq. Gələcəyə, övladlarımıza bu üz qarasını saxlayıb getməli deyilik. Bu xəcalət yükünü çiynimizdən atmalıyıq. Biz ermənilərin bizə naz edə-edə meyxana demələrinə, Şuşada yallı gedə-gedə acıq vermələrinə dözməli deyilik. Bu məsuliyyəti hər kəs yaşamalıdır. Vətəndaş həmrəyliyi, milli birlik olmalıdır. 1992-ci ildən bəri bu partiyada hədəfimiz bu olub. Siyasi düşərgədəki qüvvələrə də bu cür yanaşmışıq. Bu yolu da davam etdirəcəyik. Sağdan-soldan söyülürük, mövqelərimizə şübhə ilə yanaşanlar olur, yenə də olacaq. Qoy olsun. Hər kəskin, hər bir qurumun bir inamı var, o inama söykənməlidir. Qarabağ məsələsinə gəlincə, siz bilirsiniz ki, mən 1989-cu ildə Azərbaycan Dağlıq Qarabağa Xalq yardımı Komitəsinin təsisçilərindən biri olmuşam. Elə orada da respublikada ilk müstəqil qəzet olan "Azərbaycan” qəzetini yaratmışdım. Bu mənada Qarabağ məsələsi ilə bağlı hər hansı birliyə qatılmaqda tərəddüd etmirəm. Ancaq mən bilmirəm o hansı hərəkata nə dərəcədə bağlıdır. Xalq Hərəkatı içərisi bu dərəcədə fəlakətli vəziyyətdədirsə, Qarabağa Yardım Komitəsini də aparıb oraya bağlamaq düzgün olmazdı. Qarabağ Azadlıq Təşkilatı olub, sonra Qarabağ Hərəkatı yaranıb, bir çox partiyalar qoşulub. Qarabağ məsələsini təşkilatlararası məsələlərə qurban vermək doğru olmazdı. Ona görə də, mən Qarabağla bağlı bir çox toplantılara getmişəm, indi də bizim nümayəndələr orada iştirak edir. Qarabağla bağlı bütün ciddi addımlarda, qərarlarda həmişə bizim sözümüz olacaq.

48.jpg (5 KB)

- ABŞla İran arasında müharibə olacağı ilə bağlı iddialar var. İranda yaşayan 50 milyonluq soydaşımızın durumu sizin də yaralı yerinizdir. Siz bu gözlənilən müharibəni Güney Azərbaycan üçün bir şans hesab edirsiniz, yoxsa həmvətənlilərimizi fəlakətə aparacağını düşünürsünüz?

- Mən Amerikanın son illər bölgədə apardığı siyasəti izləyirəm, Suriya, İraq, Livanda apardığı işlər təəssüf ki, həmin ölkələrə fəlakət gətirdi. İraq deyilən dövlət  faktiki 3 yerə parçalanıb, sünni-şiə, kürd, ərəb adı altında bölünüb. Ona görə də, bu məsələlərə eyforiya ilə yanaşmaq, "Amerika gələcək, hər şeyi düzəldəcək” deyə düşünmək olmaz. Mənim Amerikada Konqresdə və Dövlət Departamentində görüşlərim olub. O zaman bu məsələni müzakirə etmişdik. Amerikada hərbi institutların buraxdığı çox yayılmış bir xəritə var. O xəritədə bizim Güney Azərbaycanın bir hissəsi, Urmiya, Naxçıvan da daxil olmaqla gələcəkdə qurulacaq Kürdüstan dövlətinin ərazisinə qatılıb. Mən o xəritə məsələsini qabartdım və dedim ki, əgər siz İrana gələndə bizim torpaqlarımıza bu cür yanaşacaqsınızsa, o zaman mən gedib İranda mollaların ətəyindən bərk-bərk yapışacam ki, İranın bütövlüyü pozulmasın. Çünki mənim torpağım üçün siz təzə bir fəlakət yaradacaqsınız. Dedilər ki, bu ciddi bir xəritə deyil. Əgər elədirsə, niyə illər uzunu bu xalqların biri təkzib etmir ki, bu ciddi bir şey deyil. Mən orada Azərbaycanın tarixi xəritəsini ortaya qoydum və dedim ki, biz bu cür yanaşırıq, ancaq siz fərqli yanaşırsınız. O zaman belə bir söhbətimiz olmuşdu. İndi də o fikirdəyəm ki, ABŞ-İran savaşı arzuolunmazdır. İranda əhali bir çox xalqlara bölünüb. Onların içində Azərbaycan türkləri, lorlar, türkmənlər, kürdlər var. İran tarixən bizim dövlətimiz olub, tarixən o ərazi bizim olub. İndi oranı param-parça edib qan gölünə döndərəcəklərsə, biz bunu istəmərik. Mən İranın bu savaşa girməyinin Azərbaycana nə isə xoş bir şey vəd etdiyini düşünmürəm. Çox gözlənilməz hadisələr ola bilər. Azərbaycanın müstəqilliyini qoruyub saxlaması üçün də təhlükə yarana bilər. Milyonlarla insanın əhatə edən köç dalğası başlaya bilər.

"Hazırda film çəkənlərlə ədəbiyyatımız arasında körpülər o qədər də möhkəm deyil. Çoxları heç mövcud ədəbiyyatı oxumur, gedib kənardan qondarma ssenarilər axtarırlar”

- Sabir bəy, yaradıcılıq arzularınız nələrdir? Sizin ssenariniz əsasında tarixi film çəkilib. Digər əsərlərinizlə bağlı tarixi filmlər və ya qardaş ölkənin "Diriliş Ərtoğrul” tipli seriallarının çəkilməsini istərdinizmi?

 - Bu il Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd olunacaq. Ə.Ağaoğlunun yaratdığı Difai Partiyası və erməni terroruna qarşı mübarizəsindən bəhs edən "Difai fədailəri” adlı roman yazmışam. Kifayət qədər zəngin materiallar əsasında yazılıb, həm onun özünün həyatı, Rusiya, Paris və Şuşa həyatı, sonradan Bakı həyatı ilə bağlı yazmışam. Bu əsər əsasında bir ssenari yazıb Mədəniyyət Nazirliyinə vermişəm ki, film çəkilsin. Əsərdə çoxlu süjetlər var, Difai hərəkatına gələn insanların keçdiyi yollar, erməni zülmlərindən keçməsi. Onların hər biri bu günkü erməni vəhşiliyinin 100 il əvvəlki halıdır. O zaman da Xocalı soyqırımına bənzər soyqırımlar olub, oradan çıxan insanların gəlib Difai partiyasına qoşulması və fəaliyyəti əsərdə öz əksini tapıb. Bu çox gözəl bir filmin mövzusudur, bir neçə seriya da ola bilər, çoxseriyalı da ola bilər. Mənim "Göy tanrı” romanım da var ki, orada türklərin ən qədim tarixi, tanrıçılıq dövrü ilə bağlıdır. Bu əsər Azərbaycan, Qazaxıstan, Türkiyə kimi geniş coğrafiyanı əhatə edir.  Bunun əsasında da möhtəşəm bir film çəkmək olar. Orada çox geniş materiallar var. Hazırda film çəkənlərlə ədəbiyyatımız arasında körpülər o qədər də möhkəm deyil. Çoxları heç mövcud ədəbiyyatı oxumur, gedib kənardan qondarma ssenarilər axtarırlar. Mənim "Akademikin son əsəri” romanım da maraqlıdır. Rus ordusu 1990-cı ildə gəlib Bakını işğal edir. Bir tərəfdə xalq hərəkatının başında ağsaqqal akademik durur, o biri tərəfdə isə onun oğlu. Bu da tarixin faciəvi hadisələrindən biridir. Hər biri bir film mövzusudur. Yaradıcılığıma gəlincə, hazırda əlimdə yazılarım var. Mayın 23-də Yazıçılar Birliyinin Natəvan klubunda son kitablarımın təqdimatı var. "Özümüzdən böyük sözümüz”, "Milli taleyimiz və biz”, "Xalqın söz silahı” son əsərlərimdir.