Men ştatında yeni diaspor təşkilatı yaradılıb
22 İyul, 18:04   |    Baxış sayı: 155

Men ştatında yeni diaspor təşkilatı yaradılıb

ABŞ-ın Men (Maine) ştatında yeni Azərbaycan cəmiyyəti yaradılıb. İyulun 18-də yeni diaspor təşkilatı dövlət qeydiyyatına alınıb və onun fəaliyyətinə rəsmi icazə verilib.

Diasporpress.az xəbər verir ki, bu cəmiyyətin yaradılması ideyasını soydaşımız Tərlan Əhmədov irəli sürüb. İyulun 10-da onun təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş təsis iclasında cəmiyyətin nizamnaməsi qəbul olunub. Qərara əsasən, Tərlan Əhmədov Azərbaycan cəmiyyətinin sədri, Ulduz Bədəlova sədr müavini, Nəzrin Mikayılova-Dixon katib, Tural Nadirli isə xəzinədar seçiliblər.

T.Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətinin yaradılması məsələsi artıq zərurətə çevrilmişdi. Buradakı soydaşlarımızın sayının çoxalması, milli-mədəni tədbirlərin vahid bir mərkəzdən idarə olunması bunu tələb edirdi.

Qeyd edək ki, soydaşlarımızın bu ştatda yerləşməsi 90-cı illərin əvvəllərindən başlayıb. Hazırda ştatda cənubi Azərbaycandan olan soydaşlarımız da daxil olmaqla 80 nəfərə qədər azərbaycanlı yaşayır. Azərbaycanlı ailələr öz adət-ənənələrini, mədəniyyətini qoruyub saxlayır, digər millətlərin nümayəndələri arasında təbliğ edir, bütün milli və dövlət bayramlarımızı birlikdə qeyd edirlər. Həmyerlilərimiz Men ştatına yaşamağa gələn yeni azərbaycanlı ailələrin cəmiyyətə inteqrasiyası üçün yaxından köməklik göstərirlər.
 
Diasporpress.az