Macarıstanda yaşayan gənc soydaşımız Beynəlxalq Gənclər Forumuna qatılıb
23 İyul, 10:31   |    Baxış sayı: 44

Macarıstanda yaşayan gənc soydaşımız Beynəlxalq Gənclər Forumuna qatılıb

İyulun 16-dan Seulda XXX Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. 

Diasporpress.az xəbər verir ki, tədbir Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı, Cənubi Koreyanın Gender və Ailə Məsələləri üzrə Nazirliyinin, eləcə də Asiya Gənclər Şurası kimi bir neçə beynəlxalq qurumun dəstəyi ilə keçirilir.

55 ölkədən 180 gəncin qatıldığı forumun builki məqsədi dünyada fəaliyyətlərilə fərqlənmiş fəal gəncləri bir araya gətirərək, inklüziv cəmiyyətlərin formalaşmasında onların rolunu gücləndirmək və inklüzivliyin təmin olunması üçün təkliflərin hazırlanmasıdır.

Təqdirəlayiqdir ki, foruma qatılan gənclərin arasında Macarıstanda yaşayan soydaşımız Murad Aslanlı da var. Azərbaycan Diaspor Gəncləri təşkilatının Macarıstan üzrə koordinatoru, Azərbaycan-Macarıstan Gənclər Birliyinin idarə heyətinin üzvü M.Aslanlı forumun qrup müzakirələrində, eləcə də yekun təkliflər planının hazırlanmasında çox fəal iştirak edib, tədbir çərçivəsində keçirilən mədəni-sosial proqramlarda Azərbaycan və Macarıstan mədəniyyətlərini nümayiş etdirib.

Qeyd edək ki, qlobal cəmiyyətdə ümümi dünyagörüşü və intellektlə bağlı keçirilən müsabiqədə 180 gəncin arasında II yeri tutan həmyerlimiz təşkilat kömitəsi tərəfindən mükafata layiq görülüb.

Forum öz işini iyulun 23-də yekunlaşdıracaq. 
 
Diasporpress.az