Macar alimləri diasporumuzun Avropadakı fəaliyyətini təqdir edirlər
05 Mart, 17:13   |    Baxış sayı: 303

Macar alimləri diasporumuzun Avropadakı fəaliyyətini təqdir edirlər

Macarıstanın məşhur türkşünaslarından biri olan Csaki Eva həyat yoldaşı Sipos Janosla birgə Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evini ziyarət ediblər.

"Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli ilə görüş zamanı alimlər Azərbaycan musiqisinə dair yeni ideyanın yaranması barədə fikir mübadiləsi aparıblar. Son dönəmdə Azərbaycan diasporunun Avropadakı fəaliyyətini təqdir etdiklərini, diaspor hərəkatının yaratdığı əks-səda ilə qürur duyduqlarını vurğulayan C.Eva buna görə Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

R.Əmirli Türk dünyası üçün böyük işlər görmüş hər iki alimi Azərbaycan Evində görməsindən və onların diasporumuzun Avropadakı fəaliyyətinə yüksək qiymət vermələrindən məmnunluğunu ifadə edib. Diasporumuzun onlarla əməkdaşlıq etməyə hazır olduğu, yeni ideya layihə şəklində təqdim olunacağı təqdirdə Dövlət Komitəsinə göndəriləcəyi nəzərə çatdırılıb.

Qeyd edək ki, Pozmany Peter Katolik Universitetinin humanitar elmlər fakültəsinin doktoru olan C.Eva 2008–2009-cu illərdə Budapest şəhərində Macarıstan və Azərbaycanın təşkil etdiyi elmi konfranslarda iştirak edib, ölkələrimizin xalq mahnılarının kök bağlılığı, eləcə də İslama qədərki Azərbaycan, Macarıstan və Türkiyənin atalar sözləri və inancları haqqında mühazirələr oxuyub. C.Eva və S.Janos xalq mahnılarımızın böyük hissəsinin macar dilində çap edilməsinə nail olublar. Onlar bu istiqamətdə elmi işlərini davam etdirmək, Qafqaz xalqlarının, xüsusilə Azərbaycanın qədim mahnılarını bütün Avropada tanıtmaq niyyətindədirlər.