Kanadada Mübariz İbrahimovun xatirəsi yad edilib
12 Fevral, 11:43   |    Baxış sayı: 537

Kanadada Mübariz İbrahimovun xatirəsi yad edilib

Diasporpress.az xəbər verir ki, Ottava şəhərindəki Minto Parkında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım tədbiri keçirilib.

Xatırladaq ki, 2014-cü il iyunun 8-dən bu parkda Vətənin igid oğlunun şərəfinə informasiya lövhəsi yerləşdirilib və ağac əkilib. O zamandan hər il Ottavadakı soydaşlarımız bu lövhənin önünə toplaşaraq Mübariz İbrahimovun əziz xatirəsini yad edirlər.

Bu il keçirilən mərasimdə Ottavadakı Azərbaycan icmasının üzvləri, "Qarabağ" Azərbaycan dili məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Mübariz İbrahimovun həyatı barədə məlumat verərək, onu gənclərimizin qəhrəmanlıq nümunəsi adlandırıblar. Qeyd edilib ki, Mübariz İbrahimovun, eləcə də şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq hər bir azərbaycanlının borcudur.

Xatırladaq ki, Mübariz İbrahimov 2010-cu ilin iyununda təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mübariz İbrahimova, ölümündən sonra, Milli Qəhrəman adı verilib.