Kaliforniya kilsəsində Azərbaycanın dini tolerantlıq ənənələri təqdim olunub
07 Mart, 14:21   |    Baxış sayı: 91

Kaliforniya kilsəsində Azərbaycanın dini tolerantlıq ənənələri təqdim olunub

Kaliforniyanın Pasadena şəhərində yerləşən nüfuzlu "Knox” Presviterian Kilsəsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev həmin kilsədə keçirilən konfransda ölkəmizə dair geniş təqdimatla çıxış edib. Los Anceles yaxınlığında yerləşən Pasadena ABŞ-da erməni icmasının ən sıx məskunlaşdığı şəhərlərdəndir.

diasporpress.az xəbər verir ki, təqdimatdan öncə Azərbaycandakı dinlərarası harmoniyaya həsr olunmuş çarx nümayiş etdirilib. Sonra çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkəmizdə mövcud olan dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. O, müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanın 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu, ölkəmizin qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də Azərbaycana məxsus olduğunu qeyd edib.

N.Ağayev əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul bu gün dinlərarası dialoqa Azərbaycanın verdiyi töhfələrdən danışaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Vatikanda katakombaların, eləcə də Fransa, Rusiya və başqa ölkələrdə kilsələrin bərpası üçün gördüyü işləri diqqətə çatdırıb.

Təqdimatdan sonra keçirilən qrup iclasında baş konsul həmçinin Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, iştirakçıları Xocalı soyqırımı barədə məlumatlandırıb. Qeyd edib ki, Ermənistan həm öz ərazisində, həm də işğal olunmuş Azərbaycan ərazilərində dini- mədəni irsimizə qarşı əsl soyqırımı həyata keçirib. Müxtəlif dinlərin dinc yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistan bu gün monoetnik və təkdinli dövlətə çevrilib, etnik və dini nifrətin təzahürləri olan Azərbaycanofobiya, eləcə də antisemitizm orada dövlət siyasəti səviyyəsinə yüksəldilib.

Daha sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.