İsrail nəşri 20 Yanvar faciəsindən yazıb
21 Yanvar, 16:14   |    Baxış sayı: 1359

İsrail nəşri 20 Yanvar faciəsindən yazıb

İsrailin "The Jerusalem Post" qəzetində "Qanlı "Qara Yanvar" Azərbaycanın müstəqilliyi üçün başlanğıc nöqtəsi oldu" başlıqlı məqalə dərc olunub.

Məqalənin müəllifi Arye Qut yazır ki, SSRİ və Azərbaycan Konstitusiyalarını, insan haqları üzrə bütün beynəlxalq konvensiyaları kobudcasına pozaraq, fövqəladə vəziyyət elan etmədən sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir sıra rayonlarına yeridilib. Sovet ordusunun, daxili qoşunların və xüsusi təyinatlıların bölmələrinin böyük kontingentinin Bakıya hücumu qəddarlıqla müşayiət olunub. Dinc əhaliyə amansız divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Azərbaycanlıların bu faciəni "Qara Yanvar" adlandırdıqlarını vurğulayan müəllif qeyd edir ki, sovetlərin "Zərbə" əməliyyatı Azərbaycanın müstəqilliyi uğrunda aparılan milli azadlıq hərakatının məhv olunmasına yönəlmişdi: "1990-ci ilin yanvarında Bakıda baş verən qanlı qırğın totalitar sovet rejiminin antixalq və qanlı mahiyyətini göstərdi. SSRİ-nin silahlı qüvvələri yenə də xarici təcavüzə qarşı deyil, müttəfiq xalqa qarşı istifadə olunurdu. 20 Yanvar öncəsi partiya və dövlət orqanlarının keçirdiyi tədbirlərin, eləcə də Bakıda baş verən ziddiyyətli proseslərin analizi göstərir ki, yanvar faciəsi sovet DTK-sının (Dövlət Təhlükəsizlik Komitəsi) əvvəlcədən hazırladığı hərbi əməliyyatın nəticəsi idi".

Məqalədə hazırda İsrail vətəndaşı olan fotoqraf Boris Dodinin, britaniyalı jurnalist Tomas de Vaalın, rus rejissor Stanislav Qovoruxinin 20 Yanvarla bağlı fikirlərinə geniş yer verilib, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bu hadisəni kəskin şəkildə pislədiyi və Qorbaçovu sərt ittiham etdiyi yada salınıb: "Qara Yanvar Azərbaycanda sovet hakimiyyətinin bitməsinin və Sovet İttifaqının dağılmasının başlanğıcı oldu...".

Məqaləni tam şəkildə bu linkdən oxumaq olar: