İsrafil Məmmədovun Novqorod vilayətində heykəli ucaldılacaq
21 Oktyabr, 14:52   |    Baxış sayı: 113

İsrafil Məmmədovun Novqorod vilayətində heykəli ucaldılacaq


İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova Novqorod vilayətində heykəli ucaldılacaq. Diasporpress.az  xəbər verir ki, belə bir təşəbbüslə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov  çıxış edib.

Bu təşəbbüs Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov və təşkilatın Mərkəzi Aparatının üzvlərindən ibarət nümayəndə heyətinin Rusiyanın şimal-qərb regionlarına səfəri zamanı gündəmə gəlib. Nümayəndə heyəti səfərə Velikiy Novqorod vilayətindən başlayıb. Moskvadan gəlmiş qonaqları Velikiy Novqoroddakı azərbaycanlıların diaspor təşkilatının sədri, Rusiya Azərbaycanlıları İttifaqınının regional nümayəndəsi Elşad Qurbanov və digər həmvətənlilərimiz qarşılayıb.

Diasporun gündəmini müzakirə edərkən Fizuli Məmmədov regionlardakı diaspor təşkilatları ilə koordinasiya işinin vacibliyinə toxunub. "Təkcə kütləvi informasiya kommunikasiyaları vasitəsilə diasporla işi məsafədən koordinasiya etməklə məhdudlaşdırmaq olmaz”, deyən Fizuli Məmmədov, regionlara tez-tez səfərlərin təşkilini və yerlərdə diasporu narahat edən məsələlərlə maraqlanmağın vacibliyini əlavə edib
Səfər çərçivəsində RAİ-nin nümayəndə heyəti Parfino rayonu bələdiyyəsinin rəhbəri Elena Leontyeva ilə də görüşüb. Görüşün əsas mövzusu Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsinin əbədiləşdirilməsi ideyası olub. RAİ nin prezidenti Fizuli Məmmədov Novqorod torpağında şücaət göstərmiş Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova heykəl ucaldılması təşəbbüsü ilə çıxış edib.

İrəli sürülən təşəbbüs bələdiyyə rəhbərliyi tərəfindən dəstəklənib. Elena Leontyeva alman faşizmi üzərində qələbənin varislərinin ümumi tariximizə olan münasibətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Parfino ərazisində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 8 döyüşçü Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb ki, onlardan biri də İsrafil Məmmədovdur. Elena Leontyeva qeyd edib ki, rayonun Böyük Vətən Müharibəsi tarixi müzeyində azərbaycanlı qəhrəman haqda geniş məlumat verilir.
Görüşdən sonra rayon rəhbərliyi RAİ nin nümayəndə heyəti ilə bərabər İsrafil Məmmədovun xatirəsinin əbədiləşdirilməsi üçün nəzərdə tutulmuş ərazilərə baxış keçirib.

 
 

Qarşılıqlı razılığa görə İsrafil Məmmədova abidə Parfino rayonunun girişindəki ərazidə ucaldılacaq. Bu ərazidə abidə-tank və müharibədə həlak olmuş Parfino sakinlərinın adları həkk edilmiş xatirə lövhəsi var. Bu abidələr Parfino rayonunun simvolu hesab edilir
RAİ nin prezidenti Fizuli Məmmədov sözügedən abidələrin bərpası və İsrafil Məmmədovun abidəsinin ucaldılmasının öz üzərinə götürdüyünü bildirib. Bərpa işləri bitdikdən və abidə ucalıdılandan sonra yerli hökümət bu yerdə Qəhrəmanlar Xiyabanının açılışını etməyi planlaşdırır. Layihənin gerçəkləşməsi üçün müvafiq iş prosesinə artıq start verilib.