Haaqada Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
25 Fevral, 14:36   |    Baxış sayı: 512

Haaqada Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Fevralın 23-də Niderlandın Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Niderland Azərbaycan-Türk Kültür dərnəyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov, Türkiyənin Niderland Krallığındakı səfirliyinin müşaviri Alper Yüksel, ölkə parlamentinin millət vəkilləri Kris Van Dam, Mişel Roqir, jurnalist Cek Kroes, Azərbaycan diasporunun və dost xalqların nümayəndələri iştirak ediblər.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərnəyin sədri İlhan Aşkın, səfir Fikrət Axundov, səfir müavini Alpər bəy, millət vəkilləri Kris Van Dam, Mişel Roqir və başqaları çıxış edərək, Xocalı soyqırımının təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsi oldugunu, belə dəhşətli hadisələrin gələcəkdə təkrarlanmaması üçün bütün dünya dövlətlərinin və xalqlarının birgə fəaliyyət göstərmələrinin vacibliyini bildiriblər.

Sonra mərasim iştirakçıları Haaqa şəhərindəki Xocalı abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub və Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub. Xocalı şəhidlərinin heç bir zaman unudulmayacağı, bu amansız cinayəti törədənlərin cəzalandırılması üçün sonadək mübarizə aparılacağı, dünya KİV-ləri və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq Xocalı həqiqətlərinə diqqət cəlb ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Niderland Azərbaycan-Türk Kültür dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbirlər davam edir. Fevralın 26-da dərnəyinin təşkilatçılığı ilə Ermənistanın Haaqa şəhərindəki səfirliyinin qarşısında etiraz aksiyasının keçirilməsi də nəzərdə tutulur.

Aksiya saat 10-30-da Laan van Meervoort, 90 ünvanında olacaq.