Ölkə

Gürcüstanda “Azərbaycan mənşəli” koronavirus iddiası təsdiq olunmadı

Gürcüstanda “Azərbaycan mənşəli” koronavirus iddiası təsdiq olunmadıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Gürcüstanın kütləvi informasiya vasitələrinin diqqəti “Azərbaycan mənşəli” koronavirus epidemiyasına köklənmişdir. Gürcüstan mediasını və sosial şəbəkə resurslarını oxuyanda elə təəssürat yaranır ki, əhalisinin 80 faizini azərbaycanlıların təşkil etdiyi Marneuli və Bolnisi rayonlarının sanki bütün sakinləri koronavirus daşıyıcılarıdır – onlara yaxınlaşmaq olmaz. İş o yerə çatıb ki, Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze sosial mediada azərbaycanlılara qarşı ünvanlanmış bəzi qeyri-etik paylaşımlara etiraz edərək bildirmişdir: “Etnik azlıq nümayəndələrinə qarşı ədalətsiz replikalar olur. Biz anlamalıyıq ki, koronaviris insanları sosial dərəcələrinə, tutduğu vəzifəyə, etnik kimliyinə görə seçmir”. Bu arada – Marneuli və Bolnisidəki koronavirusun “Azərbaycan mənşəli” olmadığı aydınlaşdı.

Cari ilin mart ayının 22-də Marneuli sakini, Gürcüstan vətəndaşı olan qadın soydaşımız ilkin olaraq pnevmoniya diaqnozu ilə rayondakı klinikalardan birində yerləşdirilmişdir. Müvafiq analizlər nəticəsində onun koronavirusa yoluxduğu təsbit edilmişdir. Gürcüstanın Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəsmiləri koronavirusa yoluxmuş Marneuli sakininin ünsiyyətdə olduğu 90-dan artıq şəxsin təsbit edildiyini bildirmişlər. Bununla yanaşı, Gürcüstan mətbuatında həmin xəstənin daha 1700 nəfəri yoluxdura biləcəyi ilə bağlı spekulyasiyaların yayılmasına başlanmışdır.

Gürcüstanın televiziya kanalları vasitəsilə yayılmış məlumatda koronavirus infeksiyasına yoluxmuş Marneuli sakini olan qadının Azərbaycandan gələn bacısı ilə kontaktda olduğu vurğulanmış, bununla əlaqədar Gürcüstan mediasında həmin xəstəliyin Azərbaycandan gəlməsi təəssüratı yaranmışdır. Lakin, Gürcüstanın və Azərbaycanın səhiyyə strukturları tərəfindən aparılmış araşdırmalar zamanı qadının Azərbaycandan gələn bacılarında koronavirus müəyyən edilməmişdir.

Qeyd edilməlidir ki, virusa yoluxmuş gürcüstanlı soydaşımızın bir müddət öncə Marneuli ilə qonşu olan Bolnisidə yas mərasimində iştirak etməsi səbəbindən Gürcüstanın hakimiyyət orqanları göstərilən hər iki rayonun ərazisində yerli əhali arasında sosial təmasların məhdudlaşdırılması və giriş-çıxışın azaldılmasını nəzərdə tutan xüsusi karantin tədbirlərinin icrasına başlamaq qərarına gəlmişdir. Bu tədbirlər çərçivəsində həmin rayonlara hərbi texnika yeridilmiş, yerli sakinlərə küçəyə çıxma məhdudiyyətləri tətbiq edilmişdir.

DiasporPress.az