Gürcüstan Azərbacanlıları İnteqrasiya Mərkəzi 1000 aztəminatlı ailəyə dəstək göstərib
13 May, 11:13   |    Baxış sayı: 1096

Gürcüstan Azərbacanlıları İnteqrasiya Mərkəzi 1000 aztəminatlı ailəyə dəstək göstərib

Dünyanı bürüyən COVID-19 pandemiyası bütün ölkələr, o cümlədən vətəndaş cəmiyyətləri üçün sınaq mərhələsi oldu. Hazırda ayrı-ayrı qeyri-hökumət təşkilatları koronavirus pandemiyası çərçivəsində sosial təcrid dönəmində aztəminatlı və həssas əhali qruplarına dayaq olmaq məqsədilə müxtəlif xeyriyyə aksiyaları həyata keçirirlər.

DiasporPress.az xəbər verir ki, son bir ay ərzində ardıcıl və sistemli şəkildə aztəminatlı ailələrə yardım kampaniyasını həyata keçirən təşkilatlardan biri də Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzidir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, Gürcüstanda fövqəladə vəziyyət elan olundqdan sonra martın 23-dən etibarən ölkənin ərazisində ilk dəfə yalnız Marneuli və Bolnisi bölgəsində ciddi karantin rejimi tətbiq edildi.

GAİM yaranmış mövcud vəziyyətdə ölkənin Marneuli (250 ailə), Bolnisi (150 ailə), Telavi (100 ailə), Saqareco (100 ailə), Laqodexi (100 ailə), Dmanisi (100 ailə), Qardabani rayonlarında (100 ailə), Rustavi şəhərində (100 ailə) yaşayan və müvəqqəti çətinliklə üzləşmiş aztəminatlı ailələrə yardım göstərib.

Dəstək aksiyalarının keçirilməsi ilə bağlı rəsmi məktublarla Marneuli, Bolnisi, Telavi, Saqareco Laqodexi, Rustavi, Qardabani və Dmanisi merlərinə müraciət olunub. Daha sonra hər ərzaq paketinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz və çay daxil olan bağlamalar ünvanlarına çatdırılması üçün həmin meriyaların nümayəndələrinə təhvil verilib.

Bolnisi rayonunun meri Davit Şerazadaşvili, Laqodexi bələdiyyəsinin sədri K.Camburiya və Saqareco meriyası öz facebook səhifələri üzərindən xeyriyyə aksiyaları təşkil etdiyinə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkürünü bildirib.

Bolnisi meri Davit Şerazadaşvilinin təşəkkür statusunda deyilir: "Xeyriyyə aksiyasına başqa bir qeyri-hökumət təşkilatı da qatıldı. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi vətəndaşlarımız üçün bizə 150 ərzaq paketi təqdim etdi. Ərzaq paketi Kvemo Bolnisi, Parizi və Zvaretidə yaşayan həssas ailələrə paylandı. Xeyriyyəçilik fəaliyyətinə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkür edirəm. Qeyri-hökumət sektorunun dəstəyi karantin vəziyyətində bizim üçün xüsusilə vacibdir. Düşünürəm ki, ortaq səylər və buna bənzər yüksək sosial məsuliyyətlə koronavirus pandemiyasına ən qısa müddətdə qalib gələ biləcəyik".

Laqodexi bələdiyyəsinin sədri K.Camburiya isə qeyd edib ki, yaranmış mövcud vəziyyətdə qeyri-hökumət sektorunun dəstəyi xüsusilə vacibdir: "Yüksək sosial məsuliyyətə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkür edirəm. Birgə səylərimizlə koronavirus pandemiyasının öhdəsindən ən qısa müddətdə gələcəyik".

Saqareco meriyasının təşəkkür məktubunda deyilir: "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Saqareco meriyasına 100 aztəminatlı ailə üçün ərzaq paketlərini təhvil verdi. Sosial Yardım Proqramı çərçivəsində Saqareco bələdiyyəsi tərəfindən ilkin mərhələdə artıq 1500 ailəyə, o cümlədən özəl sektorun dəstəyi ilə 130 aztəminatlı ailəyə ərzaq yardımı edilmişdir. Saqareco meriyası koronavirusla mübarizədə yüksək sosial məsuliyyət daşıyan təşkilatlara və iş adamlarına təşəkkür edir".

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-dən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.