Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb
02 Avqust, 16:55   |    Baxış sayı: 65

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş şikayətə əsasında Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, 85 ünvanında fəaliyyət göstərən fiziki şəxs Şükürpur Fərman Sədulla oğluna məxsus "Zaquzelli” alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Diasporpress.az-a verilən məlumata görə, baxış zamanı limonad sexində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Məlum edilib ki, müəssisədə istifadə edilən suyun mikrobioloji təmizlənməsi aparılmır və qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulur. Sexdə xammal və hazır məhsul anbarlarının, eləcə də istehsal sahəsinin sanitar-gigiyena norma və qaydalarına cavab vermədiyi, hazır məhsulların dövri laborator analizlərinin aparılmadan satışa verildiyi aşkar edilib.

İstehsal olunan "Zaquzelli” əmtəə nişanlı alkoqolsuz içkilərdən nümunələr götürülərək müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Diasporpress.az