Gədəbəy rayonun daha bir kəndində tibb məntəqəsinin açılışı olub
14 Sentyabr, 11:52   |    Baxış sayı: 1343

Gədəbəy rayonun daha bir kəndində tibb məntəqəsinin açılışı olub

Bu gün Gədəbəy rayonun daha bir kəndində- Qoşabulaqda tibb məntəqəsinin açılışı olub.

Diasporpress.az xəbər verir ki, Qoşabulaq Tibb Məntəqəsi Gədəbəy rayon 103 saylı seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc Hüseynovanın təşəbbüsü ilə Yaponiya Səfirliyinin "Ot kökləri" qrant proqramı çərçivəsində inşa edilərək əhalinin istifadəsinə verilib. Açılış mərasimində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev, millət vəkili Sevinc xanım Hüseynova, səhiyyə işçiləri və ictimai nümayəndələr iştirak ediblər. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mustafayev və millət vəkili Sevinc xanım Hüseynova çıxış edərək məntəqənin əhəmiyyətindən söz açıblar. Eyni zamanda, çıxışçılar onu da vurğulayıblar ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri də vətəndaşların sağlamlığının qorunmasıdır. Məhz ölkə başçısı cənab İlham Əliyevin səhiyyəyə olan diqqət və qayğısından irəli gələrək görülən tədbirlər, səhiyyə müəssisələrinin tikilməsi, müasir texniki avadanlıqlarla təmin edilməsi nəticəsində dünyanı cənginə alan "COVİD-19" Pandemiyası ilə mübarizədə Azərbaycan dünya ölkələri ilə müqayisədə çox az itkiyə məruz qalmışdır.

Məlumat üçün bildirək ki, müasir üslubda tikilən, eyni zamanda, tələb edilən avadanlıqlar, "Kombi" istilik sistemi və daimi su ilə təmin edilən tibb məntəqəsi Qoşabulaq və ona yaxın kəndlərin əhalisinə xidmət göstərəcək. Qeyd edək ki, sahəsi 60 kvadrat metr olan binanın həyətyanı sahəsi də hasara alınaraq abadlaşdırılmışdır.




Diasporpress.az