Fuad Muradov: Ümid edirəm ki, Azərbaycan Evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında və birliyində mühüm rol oynayacaqdır
24 Aprel, 19:14   |    Baxış sayı: 455

Fuad Muradov: Ümid edirəm ki, Azərbaycan Evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında və birliyində mühüm rol oynayacaqdır

DiasporPress.az xəbər verir ki, Azeriobserver.az saytında Azərbaycan dövlətinin diaspor siyasəti haqqında və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında "Müasir tələblərə cavab verən yeni diaspor strategiyası” adlı məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun "Azəri Observer" jurnalına müsahibəsi əsasında yayımlanmış yazıda Azərbaycan diasporunun son dövrlər əldə etdiyi uğurlar, dost xalqların diasporları və digər dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına yönəlmiş layihələrdən bəhs edilir. Yazıda Azərbaycan diasporunun fəaliyyət istiqamətləri, ölkəmizin xaricdə təbliği, Koordinasiya Şuralarının təsis edilməsi, soydaşlarımızın milli kimliklərini və mədəniyyətlərini qoruyub saxlamaları istiqamətində görülmüş işlər, "Qarabağ” Azərbaycan məktəblərinin əhəmiyyəti və s. haqqında məlumat verilib.

Qeyd edilib ki, ötən dövr ərzində ABŞ, Almaniya, Niderland, Polşa, İsveç, İsveçrə, Fransa, Rumıniya, Rusiya, Gürcüstan da daxil olmaqla bir sıra xarici ölkələrə rəsmi səfərlər olub. Səfərlər zamanı soydaşlarımızla görüşlər keçirilib, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb. Soydaşlarımızın təşəbbüsü ilə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb.

"Ümid edirəm ki, Azərbaycan Evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında və birliyində mühüm rol oynayacaqdır. Azərbaycan Evləri azərbaycanlıların görüşləri və müzakirələri üçün bir mərkəzdir”- deyə F.Muradov bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan "Qarabağ” məktəblərinin məqsədi Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin öyrədilməsi, azərbaycanlı uşaqlara milli kimliklərinin qorunub saxlanması, xalqımız və dövlətimizin maraqlarını təmsil etməsi baxımından dəstək olmaqdır.

Gənclərin diaspor fəaliyyətində rolundan bəhs edən Komitə sədri Azərbaycan Diaspor Gənclərinin Yay Düşərgələri, "Azərbaycan Diaspor Könüllüləri Proqramı” haqqında məlumat verərək, Azərbaycan diasporundakı gənclərin çox fəal olduqlarını, onların öz ölkələrini və dövlətlərini sevdiklərini qeyd edib: "Gənclər diaspor sahəsində aparıcı gücdür və daim bizimlə ünsiyyət qururlar”.

Yazının tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: http://azeriobserver.az/2020/04/20/new-diaspora-strategy-to-meet-modern-requirements/