Floridadakı beynəlxalq təhsil həftəsində ölkəmiz təmsil olunub
20 Noyabr, 17:04   |    Baxış sayı: 49

Floridadakı beynəlxalq təhsil həftəsində ölkəmiz təmsil olunub

Florida Beynəlxalq Universitetində təhsil həftəsi keçirilib. Dünyanın müxtəlif ölkələrinin qatıldığı tədbirdə Azərbaycanı Florida Beynəlxalq Universitetinin tələbələri Aydın Eminov və Elmar Orucov təmsil ediblər. Qeyd edək ki, diaspor fəalı olan hər iki gənc Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyasının üzvüdür.

Təqdimat zamanı Azərbaycanın mədəni irsi, tarixi, coğrafiyası, turizmi barədə ətraflı məlumat verilib. Burada yaradılmış Azərbaycan guşəsində ölkəmizə həsr olunmuş müxtəlif kitablar, jurnallar, bannerlər, broşürlər, mətbəx nümunələri və s. nümayiş olunub.

Ölkəmizin coğrafi mövqeyi, əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, mətbəxi, musiqisi, həmçinin turizm imkanları ilə tanışlıq sərgi iştirakçılarında xöş təssürat yaradıb. İştirakçılar və qonaqlar arasında ölkəmizin ünvanına xoş fikirlər söyləyənlər də olub. Onlar Azərbaycanı çox sevdiklərini, dəfələrlə ölkəmizə gəldiklərini, xalqımıza heyran olduqlarını, milli mətbəximizi çox bəyəndiklərini vurğulayıblar.