Estoniyada Azərbaycan Evi fəaliyyətə başlayıb
25 Aprel, 12:51   |    Baxış sayı: 350

Estoniyada Azərbaycan Evi fəaliyyətə başlayıb

DiasporPress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Evi fəaliyyətə başlayıb. Azərbaycan Evi Tallin şəhərinin mərkəzi küçələrindən hesab edilən Estoniya prospekti 15 ünvanında yerləşir. Evin fəaliyyət göstərdiyi bina, şəhərin tarixi memarlıq abidələrindən hesab edilir. Burada Estoniya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün zəngin mədəniyyətimiz, incəsənətimiz və turizm imkanlarımız barədə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub. Azərbaycan evinin fəaliyyət istiqamətlərinə dili kurslarının təşkili də daxildir. Burada yaradılacaq kitabxanada qonaqlar Azərbaycan ədəbiyyatının klassiklərinin, müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Azərbaycan Evində yaxın gələcəkdə musiqi və poeziya axşamlarının, o cümlədən müxtəlif sərgilərin də təşkil olunması nəzərdə tutulur.

Evin yaradılmasında başlıca məqsədlərdən biri Estoniyada yaşayan və təhsil alan azərbaycanlıların həmrəyliyini möhkəmləndirmək, diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Azərbaycan Evi ölkəmizin tanıdılması istiqamətində görülən işləri intensivləşdirmək, Estoniyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, bu ölkədə fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri ilə sıx əlaqələr qurmaq və mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaradır.

 

DiasporPress.az