Əskişəhərdə Xocalı soyqırımı ilə bağlı konfrans və sərgi təşkil edilib
25 Fevral, 14:34   |    Baxış sayı: 490

Əskişəhərdə Xocalı soyqırımı ilə bağlı konfrans və sərgi təşkil edilib

Əskişəhərdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.

Fevralın 22-də şəhərin Gənçlik Mərkəzində "Xocalı soyqırımı və beynəlxalq münasibətlərdə yeri" mövzusunda konfrans keçirilib. Əskişəhər Azərbaycanlılar Dərnəyi və Əskişəhər Ülki Ocaqları ilə birgə təşkil olunmuş tədbirdə Keysuke Uokizeka (Keisuke Wakizaka) və professor Həsən Oqtay çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıda vəhşicəsinə törətdikləri çinayətlərdən danışıblar. Son dönəmdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar, Münhen görüşünün bu məsələnin həllində hansı dəyişikliklərə yol açacağı barədə fikirlər bildirilib.

Konfransın sonunda dərnəyin sədri Cavid Aydın Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımı məsələsində göstərdikləri həssaslığa görə Ülkü Ocaqlarının sədri Kazım Aksoya "Ana Fəryadı" tablosunu təqdim edib.

Fevralın 23-də isə dərnəyin təşkilatçılığı ilə "Türkiyə mətbuatında Xocalı soyqırımı" adlı foto-sərgi və brifinq təşkil edilib. Brifinqdə çıxış edən dərnək sədri Cavid Aydın erməni silahlı dəstələri tərəfindən Xocalıda soyqırımı törədildiyini, 613 nəfər dünc sakinin qətlə yetirildiyini, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirib. Qeyd edilib ki, Xocalı soyqırımı artıq beynəlxalq qurumlar tərəfindən tanınmalı, bu qətliamı törədənlər cəzalandırılmalı və Ermənistan tərəfindən işğal edilmiş ərazilər azad olunmalıdır.