“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust, 18:26   |    Baxış sayı: 49

“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "BP-British Council”in birgə layihəsi olan "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci mərhələsi çərçivəsində iştirakçıların seçiminə start verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Diasporpress.az-a verilən məlumata görə, proqramın ikinci mərhələsində iştirak etmək üçün müraciət edən əlilliyi olan şəxslərin ünsiyyət bacarıqları, hədəfləri, liderlik qabiliyyəti, motivasiyası, təhsil və təcrübələri qiymətləndirilir. Layihə çərçivəsində ilk təlim kursu sentyabrın əvvəlində başlayacaq və təlimdə 20 nəfər iştirak edəcək. Ümumilikdə isə proqramın ikinci mərhələsi üzrə təlimlərə Bakı şəhəri üzrə 100 nəfər əlilliyi olan şəxsin cəlb olunması nəzərdə tutulub.

Onlara ingilis dili, kompüter bacarıqları tədris olunacaq, psixoloji konsultasiya aparılacaq, xüsusi iş sahələri üzrə menecerlərin hazırlanması məqsədilə də təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflərin və biznes müəssisələrinin də tərəfdaş qismində proqramda iştirakı təmin olunacaq.

Proqram əlilliyi olan şəxslərin məşğulluq imkanlarının inkişaf etdirilməsinə və əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edir.
 
Diasporpress.az