Dövlət Komitəsinin sədri inzibati inkişaf, məşğulluq və sosial məsələlər naziri ilə görüşüb
11 Fevral, 14:32   |    Baxış sayı: 809

Dövlət Komitəsinin sədri inzibati inkişaf, məşğulluq və sosial məsələlər naziri ilə görüşüb

Qətərdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ölkənin inzibati inkişaf, məşğulluq və sosial məsələlər naziri Yusif bin Mohammad Əl-Osman Faxru ilə görüşü keçirilib.

Səmimi dostluq şəraitində keçən görüş zamanı tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyəti, həyata keçirdiyi layihələr barəsində ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət Komitəsinin sədri Fuad Muradov dünya çapında böyük nüfuza malik olan Qətərin təmsil olunduğu beynəlxalq təşkilatlarda, o cümlədən BMT və İƏT-in konfranslarında daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasəti pisləyərək, Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib və buna görə qarşı tərəfə təşəkkürünü bildirib.

Qətərin iqtisadi inkişafı, paytaxt Dohada həyata keçirilən infrastruktur dəyişikləri, iri miqyaslı tikinti layihələrinin müsbət təsir doğurduğu, burada fəaliyyət göstərən Azərbaycan diasporu üçün əlverişli şərait yaradıldığı, soydaşlarımızın hər hansı bir problemlə qarşılaşmadıqları, gələcəkdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi, iki ölkə gənclərinin yerli cəmiyyətlərə inteqrasiyası, onlara iş şəraitinin yaradılması və sair məsələlər barədə müzakirələr aparılıb.

Ölkəmizdə gedən inkişafa və dinamik proseslərə diqqəti cəlb edən Komitə sədri Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində dövlət vəzifələrinə gənclərin irəli çəkildiyini xüsusilə vurğulayıb. İki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının, Qətərin Azərbaycandakı azad ticarət zonası layihəsinə qoşulmasının, xüsusilə də kənd təsərrüfatı və turizm sahələrinə sərmayələr yatırmasının mümkünlüyü qeyd edilib.

2022-ci ildə futbol çempionatına hazırlığa dair ətraflı məlumat verən Yusif bin Mohammad Əl-Osman Faxru gələcəkdə qeyri-neft sektorunda görüləcək iri layihələrə azərbaycanlıların cəlb olunmasının məqsədəuyğun olduğunu, eləcə də bu addımların Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ikitərəfli müqavilənin imzalanması sayəsində mümkünlüyünü bildirib.

Qətərli nazirə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin Azərbaycana dəvət təklifi çatdırılıb və onu tezliklə Vətənimizdə görmək istəyi vurğulanıb.

Görüşdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov da iştirak edib.