Dövlət Komitəsinin nümayəndə heyəti Estoniyaya səfər edib
25 Oktyabr, 16:27   |    Baxış sayı: 52

Dövlət Komitəsinin nümayəndə heyəti Estoniyaya səfər edib

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyəti Estoniyanın paytaxtı Tallin şəhərinə səfər edib.
Nümayəndə heyətinin üzvləri Ladən Zahidova və Xıdır Kazımovun Estoniya İnteqrasiya Fondunun inzibati direktoru Eda Silberq, Estoniya Radiosunun redaktoru Yuliya Bali, Estoniya mədəniyyət nazirinin milli azlıqlar üzrə müşaviri Anneli Reyma, ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli və azərbaycanlı icmasının üzvləri ilə görüşləri keçirilib.
Görüşlər zamanı Azərbaycanda aparılan diaspor siyasəti, Estoniyada azərbaycanlı icmaya göstərilən diqqət, Estoniya İnteqrasiya Fondu ilə birgə layihələrin həyata keçirilməsi, burada yaşayan və təhsil alan həmvətənlərimizin ictimai fəallığı, onlara dövlət dəstəyinin göstərilməsi, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Səfirliyin gördüyü birgə işlər, "Ocaq” radio verilişinin əhəmiyyəti, iki ölkə arasında mədəni əlaqələrin inkişafı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin adından Estoniya İnteqrasiya Fonduna Qarabağ haqqında kitab, Mədəniyyət Nazirliyinə Azərbaycan xalçaları haqqında kitab və milli suvenirlər təqdim olunub.
Nümayəndə heyətini görüşlərdə "Ocaq” verilişinin müəllifi Sənəm Əliyeva, Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə əlaqələndiricisi Zəhra Qəhrəmanlı, buradakı Azərbaycan Diasporunun nümayəndəsi Eldar Əfəndiyev müşayiət ediblər.
Tallin və digər şəhərlərdə yaşayan azərbaycanlılarla görüş zamanı ötən il Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti, xaricdə yaşayan həmvətənlərimizin yerli cəmiyyətə inteqrasiyası, şəbəkələşməsi, xaricdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərin və adət-ənənələrin qorunub saxlanılması ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Tallin şəhərində resurs mərkəzinin yaradılması ideyasının Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab olunduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Aktual məsələlər və qarşıda duran vəzifələrın müzakirə olunduğu tədbir müxtəlif təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.
Səfər çərçivəsində nümayəndə heyəti akademik Zərifə Əliyeva adına uşaq bağçasını da ziyarət edib.