Ölkə

Düşünmürəm ki, Sabir Rüstəmxanlı kimdənsə çəkinir ya da qorxur- Ramal Hüseynovun yazısı

Düşünmürəm ki, Sabir Rüstəmxanlı kimdənsə çəkinir ya da qorxur- Ramal Hüseynovun yazısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Konkret.az saytında yayımlanan son yazımı paylaşdığı üçün dəyərli jurnalistimiz Mir Şahin Ağayevə təşəkkür etməklə, sonrasında baş verən maraqlı müzakirəni nəzərinizə çatdırmaq istəyirəm.
Bu yazımı daha sonra dəyərli dostum Jalə Mütəllimova-Seyidli də paylaşdı və paylaşımının altında yazılan şərhlər və müzakirələr maraqlı oldu. Müzakirələr onu göstərdi ki, hələ də insanlar məsələləri bir-birindən ayıra bilmir ya da fürsət düşmüşkən başqasını əzmək üçün ayırmaq istəmir. Yazının mahiyyəti yox, bu yazını paylaşanların şəxsiyyəti və xarakteri müzakirə olundu.
Bundan sonra Mir Şahin Ağayev hazırladığı verilişdə bu mövzudakı fikirlərini paylaşdı. Gözəl suallar verdi və bir neçə ziyalının adını çəkdi. Bir növ onları susmaqda ittiham etti. Adı çəkilən insanlar doğurdan da ölkənin ziyalılarıdır və mən də düşünürəm ki, ölkə, millət əhəmiyyətli mövzularda ziyalılar susmamalıdır. Mir Şahin də bu sualı verirdi ki, bu ziyalılar nə üçün susur, nə üçün Cəmil Həsənliyə, Əli Kərimliyə, Qubad İbadoğluya, Gültəkin Hacıbəyliyə, Sevinc Osmanqızına   cavab vermir?  Bu konteksdə Mir Şahinin verdiyi suallar gözəl idi.
Amma və lakin… Mir Şahin bəy, məsələnin bir əmması var. Bu əmma çox böyük əmmadı. Bunu hamımız da bilirik. Lakin mən sizdən bu əmmaları deməyinizi də gözləyirdim. Amma demədiniz. O zaman mən deyim.
Adını çəkdiyiniz ziyalıların hamısını tanıyıram və hər biri verilişlərimdə mütəmadi olub. Lakin içlərində ikisi mənə daha yaxın və dost olduğu üçün fikirlərimi bu iki isim üzərindən bildirəcəm.
Bu isimlərdən biri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır. Verilişdə deyirsiniz ki, “Doğrudanmı millətin ömür kitabının müəllifi Sabir Rüstəmxanlı özündənbəy Cəmil Həsənliyə istiqlal dərsi keçmək istəmir?! Qorxur? İnandırıcı deyil axı. Vətəndaş ləyaqətini sovet tankının altının tırtılları altından sağ-salamat çıxaran Sabir inanmaram ki, hansısa Cəmili yerində oturtmağa qorxsun?!”
Hörmətli Mir Şahin bəy, siz bu ölkənin və xalqın, həm də özü-özünü yetişdirdiyi dəyərli, peşəkar jurnalistisiniz. ANS bağlandıqdan sonra dövlət sizin kimi bir dəyərin işsiz, kənarda qalmasına razı olmadı və yaxşı ki, olmadı. Sizə böyük imkanlar yaratdı və siz yeni bir xəbər televiziyası yaratdınız. İşsiz jurnalistlərin də iş yeri oldunuz. Bütün bunlardan sonra həm bir vətəndaş həm də peşəkar bir jurnalist kimi siz mövqeyinizi ortaya qoyub, fikirlərinizi dəqiq bildirirsiniz. Pis və ya yaxşı, fərq etmir, mövqeyi olan insan mövqesiz insandan hər zaman daha yaxşıdı. Ən azından qarşındakının mahiyyətini bilirsən. Bu baxımdan da siz mövqeyinizi açıq və rəvan ortaya qoyursunuz. Yəni, Mir Şahini sevirsinizsə belə sevin, belə qəbul edin deyirsiniz. Əslində belə də olmalıdır. Yoxsa dediyiniz kimi, gizlincə yeyib ortalıqda qalan (misalı dəyişdirdim), mövqesiz, başını quma salıb guya gizləndiyini hesan edənlər kimi olmaqdansa, tərəfini seçib, rəngini bəlli etmək daha yaxşıdır.
İndi gələk sualınıza… Sabir Rüstəmxanlını tanıyan biri kimi, mən də düşünmürəm ki, O boyda Sabir Rüstəmxanlı kimdənsə çəkinir ya da qorxur. Əsla inanmıram! Verdiyiniz sualların pərdəarxası dərin kökləri var bəlkə? Bunu başqaları unuda bilər, amma biz niyə unuduruq?  Siz də yaxşı bilirsiniz ki, bu cəmiyyətdə ziyalılar çoxdan susturulub və bu susturulmada içi siz qarışıq hamımızın günahı var.   Bir zamanlar bu ölkənin mətbuatını idarə edən şəxslər Sabir Rüstəmxanlını Eynulla Fətullayevin qarşısına atanda, onu hörmətdən salmaq cəhdi üçün hər yola əl atanda siz də bir vətəndaş və jurnalist kimi demədiniz ki, bu və bu kimi insanlar bizim dəyərlərimizdir, onlara toxunmaq olmaz, söymək, alçaltmaq, təhqir etmək olmaz. Onlar bu xalqa və dövlətə lazım olacaq. Nə siz, nə başqa jurnalistlər nə də başqa ziyalılar. Hamımız kənardan tamaşa etdik. Dəyərsizlərin dəyərlərimizə dil, əl uzadmasını seyr etdik.
Və ya adını çəkdiyiniz başqa bir ziyalı və peşəkar jurnalist Qulu Məhərrəmli… Qulu Məhərrəmli kimi dəyəri, bir “buxalterə” qurban verəndə, mənəviyyatı, bütün müqəddəs dəyərləri pul olan bir “buxalter” Arif Alışanova yem edilməsini də hamımız sükutla izlədik. Balaca-balaca uşaqların mediada Qulu Məhərrəmlini söyməklərinə, şərləmələrinə tamaşa etdik və siz də bir kəlmə demədiniz ki, Qulu Məhərrəmli jurnalistika üçün bir dəyərdir. Şəxsi ambisiyalarınıza görə bu dəyərlərə toxunmayın. Sabah bu xalqa lazım olacaq.
Və ya Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı, Heydər Əliyev haqqında kitab yazanda, Turqut Ərə qarşı ölkədə ilk toplantını Tənzilə Rüstəmxanlı keçirdi və mərhum prezident Heydər Əliyevi müdafiə etdi. Bundan sonra Əli Kərimli və dəstəsi Tənzilə Rüstəmxanlı kimi içtimai fiqur və ziyalıya demədiyini qoymadı. Meydanda tək qaldı. Biz nə etdik? Yenə susduq.
Bu hakimiyyətin, dövlətin pulunu yeyib, özündən sonra hələ 7 nəslini zəngin yaşada biləcək mala, mülkə sahib olan məmur, millət vəkili və hökümətdən pullar, evlər alan jurnalistlər də səsini çıxarmadı.
Mənim bu mövzuda vicdanım təmizdir. Gücüm çatdığı qədər bu hadisələrdə hər birini müdafiə edəcək yazı yazmışam. Əlindən hər şeyi alınmış biri kimi Başqa nə edə bilərəm ki? Gücüm buna çatır. Çünki, sözünü etdiyim o ölkə mediasını idarə edən şəxslər efirdə söz sahibi olmağa başladığımı görüb məni də televiziya tarixindən silmək üçün cənab prezidentin adını istifadə etmişdi və bütün televiziyalar da qorxusundan mənə efir vermədi. Hazırda da o ad üzərimdədir. Çünki, o  şəxlər hər zaman öz çirkin əməllərini cənab prezidentin adını istifadə edərək həyata keçirirdi. Neçə-neçə istiqbalı parlaq jurnalisti işindən qovdurub, çörəyə möhtac qoyub sındırdıqdan sonra onları xırda məsələlərində istifadə edərək hörmətsiz etdi. Bundan sonra kim o jurnalistin sözünə qulaq asıb yazısını oxuyar?
Gələcəkdə söz sahibi ola biləcək jurnalistlər bu cür sınaqlara dözə bilmədi və sındı, söz sahibi, şəxsiyyət ola bilmədi, bununla bərabər ağalarından gələn əmirlərlə ziyalıları da hörmətdən salmaqla məşğul oldu. Biz də susduq, ya da bəzilərinə bu vəziyyət sərf elədi, fürsətdən yararlandı.
Bir sözlə hamımız toplanıb diri ikən ziyalılarımızın ruhunu öldürüb basdırdıq. Ayaqları baş, başları ayaq etdik. Sonra da biriləri qürurla “Fatihəsini verdim” dedi.
Qısacası İndi bu qaynayan qazandakı şorbada hər birimizin duzu var.
Heç kim düşünmədi ki, bu ziyalılarımız vaxt gələcək bizə lazım olacaq. İndi bizə bu ziyalılarımız lazımdı, amma onlar da yaralıdı. İşə tez bir zamanda ziyalılarımızı sağaltmaqla, yaralarını sarmaqla başlamalıyıq. Peşəkarlar və ziyalılarımızla barışıb, onların könlünü alıb, yenidən öz yerlərində oturtmalıyıq.  Bu insanların cəmiyyətdə söz sahibi olmasından qorxmamalıyıq, onların yollarını bağlayıb, üzərini örtməməliyik ki, şəxsiyyətlər formalaşsın. Formalaşsın ki, söz, fikir və idea savaşında əsgərlərin önündə gedən generallar olsun.
DiasporPress.az